BAKI, 28 oktyabr — Sputnik. 24 il bundan öncə, şənbə günü axşam saat 6 radələrində "Ulduz" stansiyasından "Nəriman Nərimanov" stansiyası istiqamətinə yola düşən qatar mənzil başına yetişmədi...
Təxminən stansiyadan 80-100 metr aralanan qatarda baş verən qəfil yanğın 279 sərnişinin həyatına elə tuneldə son qoydu. 270 nəfər xəsarət aldı. Bu hadisə isə dünya metropolitenləri tarixində miqyasına görə baş vermiş ən böyük hadisə və faciə kimi "Ginnesin Rekordlar Kitabı"na daxil oldu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqa müraciət etdi, dərin hüznlə başsağlığı verdi. Dövlət başçısının fərmanı ilə dövlət komissiyası təşkil edildi. Ekspertizaya Respublika Elmlər Akademiyasının əməkdaşları, dünyanın 12 ölkəsinin mütəxəssisləri cəlb olundu.
Hadisənin baş verdiyi ilk anlarda ölüm təhlükəsi ilə üz-üzə qalan insanlara metropoliten işçiləri, elə həmin qatarın sərnişinləri tərəfindən köməklik göstərildi. Yüzlərlə insan operativ xilasetmə tədbirləri nəticəsində tuneldən çıxarıldı. Xilasedicilər sərnişinlərin həyatını xilas edə bilsə də, onlardan bəziləri özləri həlak oldular. Onlardan Naxçıvanski adına hərbi məktəbin zabiti Çingiz Babayev, məktəbin kursantları Nicat Səfərov, Ruslan İsayev və Samir Məmmədov vəfat etdilər.
Prezident Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli Fərmanı ilə, ölümlərindən sonra, Çingiz Babayevə Milli Qəhrəman adı verildi, kursantlar Nicat Mürvət oğlu Səfərov, Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov "İgidliyə görə" medalı ilə təltif olundular.
Hadisədən xəbər tutan metropolitençilər zərərçəkənlərə kömək göstərmək, yanğının nəticələrini aradan qaldırmaq, kabelləri, işıqlandırmanı, təmas relsini bərpa etmək, tunel və stansiyanı təmizləyib sahmana salmaq üçün işə keçdilər.
Bu hadisə ilə bağlı Sputnik Azərbaycan-a danışan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov belə bir olayın yenidən təkrarlanmaması üçün görülən işlərdən danışıb: "24 il öncə baş verən hadisənin təkrarlanmaması üçün müəyyən işlər görülür. Belə bir hadisənin təkrarlanmaması üçün artıq lazım olan bütün baza, infrastruktur var".
O, hadisənin baş verməsi ilə əlaqədar olaraq o illərdə görülən işlərdən danışıb: "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqa müraciət etdi, dərin hüznlə başsağlığı verdi. Dövlət başçısının fərmanı ilə dövlət komissiyası təşkil edildi. Ekspertizaya Respublika Elmlər Akademiyasının əməkdaşları, dünyanın 12 ölkəsinin mütəxəssisləri cəlb olundular".
"Bu hadisənin hansı səbəbdən baş verməsi ilə əlaqədar olaraq tədqiqat elə o illərdə yekunlaşıb və bununla bağlı olaraq qərarlar da verilib", - deyə B.Məmmədov əlavə edib.
Qeyd edək ki, bu hadisənin baş verməsinə səbəb isə elektrik nasazlığı hesab olunur.