Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 28 oktyabr - Sputnik. Lənkəran Uşaq Gənclər İdman Şahmat Məktəbinin taekvondoçuları Rusiya Federasiyasında keçirilən Beynəlxalq turnirdə uğurlu nəticə əldə ediblər. Sputnik Azərbaycan-ın bölgə müxbirinin Respublikanın Əməkdar məşqçisi Vüqar Sultanovdan əldə etdiyi məlumata əsasən, 25-28 oktyabr tarixlərində Rusiyanın Tolyatti şəhərində “Nepobedimaya Derjava” V Beynəlxalq Döyüş növləri Spartakiadası çərçivəsində keçirilən Beynəlxalq Taekvondo üzrə yarışda Azərbaycanı təkcə Lənkəran taekvondoçuları təmsil ediblər.
Turnirdə minə yaxın idmançı iştirak edirdi. Taeokvondoçularımız ümumilikdə 1-i qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla 8 medal qazanıblar. Yarışda 27 kiloqram çəki dərəcəsində Əli Əliyev 1-ci, 51 kiloqram çəki dərəcəsində Yusif Qurbanov 2-ci, 48 kiloqram çəki dərəcəsində Əli Tağızadə 2-ci, 45 kiloqram çəki dərəcəsində Taleh Həbibli 2-ci, 30 kiloqram çəki dərəcəsində Ümid Rəhimzadə 3-cü, 57 kiloqram çəki dərəcəsində Yusif Abbasəlizadə 3-cü, 49 kiloqram çəki dərəcəsində Fərid Əliyev 3-cü, 44 kiloqram çəki dərəcəsində Suzanna Babazadə 3-cü yerə çıxıblar.
Məlumat üçün bildirək ki, idmançılarımız turnirə əməkdar məşqçi Vüqar Sultanov və Lənkəran UGİŞM-in məşqçisi İmran Əliyevin başçılığı altında yollanıblar.