CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşıl rəng pul gətirir - suya qənaət edənlər buna görə qazanırlar

© Sputnik / Maksim BogodvidВодопроводный кран, фото из архива
Водопроводный кран, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün ölkələrdə otellərdə suyu daha çox turistlər israf edirlər. Hətta araşdırmalara görə, bəzi ölkələrdə bir turist gündəlik olaraq yerli əhalidən 10 dəfə artıq su sərf edir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycan və Gürcüstanda otellərdə su israfının qarşısının alınması üçün dünyada ilk pilot layihənin nəticələri bu ilin dekabrında bəlli olacaq.

"H2OTEL Su İsrafının Qarşısının Alınması Mükafatı" 2016-cı ildə təsis edilib, layihənin ölkəmizdəki icrasına isə 2017-ci ildən başlanıb. Sputnik Azərbaycan layihənin baş texniki məsləhətçisi, amerikalı ekspert Meri Metyus, onun birgə fəaliyyət göstərdiyi, maraqlı tərəflərin iştirakı üzrə ekspert Cenene Mitçell Cömərtoğlu və potensialın inkişaf etdirilməsi üzrə əsas ekspert Ahmet Abou Elseoudun fikirlərini öyrənib.

© Sputnik / Nigar IskanderovaCenene Mitçell Cömərtoğlu
Yaşıl rəng pul gətirir - suya qənaət edənlər buna görə qazanırlar - Sputnik Azərbaycan
Cenene Mitçell Cömərtoğlu

Cenene Mitçell mükafatın mahiyyəti haqda məlumat verib: "Biz H2OTEL mükafatlarını həm Gürcüstan, həm də Azərbaycan üzrə təsis etmişik. Layihə çərçivəsində otelləri yeniliklərə görə mükafatlandırırıq. Hətta xırda bir texnoloji yeniliyə, məsələn, yağış sularının toplanmasına görə istifadə olunan kollektora görə də hansısa oteli mükafatlandıra bilərik. Lakin etiraf edək ki, bu günədək proqramımıza qoşulmayan otellər də var".

Девушка разговаривает по телефону, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sabah suyunuz gəlməsə, şikayətinizi eşidən olmayacaq

"Düşünürük ki, itkinin qarşısını almaq üçün turistlərlə yanaşı, otel işçilərinin məlumatlı olması da önəmlidir. Xadimələr, bağbanlar da sudan istifadə edərkən qənaətcil olmalıdırlar", - deyə həmsöhbətimiz əlavə edib.

Onun sözlərinə görə, bütün dünyada otellərdə ən çox suyun istifadə olunduğu yer camaşırxanalardır: "Yuyucu vasitələrdə fosforun olması suda gübrə yaradır ki, bu da suyu xeyli çirkləndirir. Biz otellərə tövsiyə edirik ki, təmizlik vasitəsi alanda fosforu olmayan, yaxud az olan toz alsınlar".

"Böyük otellərdə suvarma zamanı da böyük su sərfiyyatı baş verir. Onlara suvarmada emal olunmuş, təmizlənmiş çirkab sulardan istifadə etmələri tövsiyə edilir. Bu suya "boz su" da deyirlər. Lakin boz suya ayaqyolu suyu aid deyil", - deyə digər həmsöhbətimiz Ahmed Elseoud əlavə edir.

Cenene Mitçell isə qeyd edir ki, boz su ilə meyvə ağaclarını, tərəvəzləri sulamaq olmaz. Çünki həmin meyvə və tərəvəzlər sonradan insanlarda müxtəlif xəstəliklər yarada bilər. Onun sözlərinə görə, sularda çirklənmənin səviyyəsinin yüksək olması ekologiyanı pozur, insanların və digər canlıların həyatını riskə atır: "Ümumiyyətlə, hansısa ərazidə baş verən fəlakət son nəticədə turizmin inkişafına pis təsir edir".

"Mərkəzi Kanalizasiya Sistemi "Azərsu" tərəfindən idarə olunur və çirkab suların təmizlənməsi prosesini də o həyata keçirir. Düşünürəm ki, zamanla kiçik ərazilərdə də sutəmizləmə qurğularına ehtiyac olacaq. Bunun üçün artıq suyun təmizlənməsi üçün "Azərsu"ya göndərilməsinə gərək qalmayacaq. Bu isə çirkab suların təmizlənməsinə görə ödənilən vəsaitin sahibkarın cibində qalması deməkdir", - Ahmed Elseoud deyir.
© Sputnik / Nigar Iskanderova Ahmed Elseoud
Yaşıl rəng pul gətirir - suya qənaət edənlər buna görə qazanırlar - Sputnik Azərbaycan
Ahmed Elseoud

"Bundan başqa, ayaqyolu, hamamlarda sensorlu su kranının olması, yaxud yüksək və az həcmli su axıntısı üçün nəzərdə tutulan sifon düyməsindən lazım olduqda istifadə edilməsi çox önəmlidir. Bundan başqa, camaşırxanada paltaryuyan maşınlardan, eləcə də qabyuyan maşınlardan da lazım olduqda istifadə edilməsi vacibdir. Eyni zamanda, duş prosesini uzatmamaq da önəmlidir", - deyə o əlavə edib.

Həmsöhbətimizin fikrincə, itkilərin qarşısını almaq üçün yeni texnologiyalardan əlavə, insanların sərfiyyata, qənaətə olan münasibəti də dəyişilməlidir.

Meri Metyus bildirir ki, boz suyun təmizlənməsi sadə texnologiyadır, əsas çətinlik çirkab suların necə yığılması ilə bağlıdır. O, həmçinin dünyada içməli su itkiləri ilə bağlı rəqəmləri diqqətə çatdırır:

"Hazırda dünyada içməli su itkiləri ilə bağlı rəqəmlər 35-40 faiz arasında dəyişir. Bütün dünya ölkələrində olduğu kimi, bu mövzu Azərbaycan üçün də aktualdır. Çünki ölkənin su ehtiyatları tükənəndir. İçməli su ilə bağlı itkilər isə ümumi su resurslarının azalması deməkdir".

"Dünyada yaşıl ərazilərin suvarılması yağış suları və emal olunmuş çirkab suları ilə baş verir. Məsələn, Misirdə böyük yaşıl əraziləri, bağları olan şəxslərin bu əraziləri çirkabdan təmizlənmiş, yaxud da yağış suları ilə suvarmaları mütləqdir. Amma təəssüf ki, bu təcrübə Azərbaycanda o qədər də geniş yayılmayıb", - deyə o əlavə edib.

© Sputnik / Nigar IskanderovaAmerikalı ekspert Meri Metyus
Yaşıl rəng pul gətirir - suya qənaət edənlər buna görə qazanırlar - Sputnik Azərbaycan
Amerikalı ekspert Meri Metyus

Ahmed Elseoud isə su ehtiyatlarının tükənməsi fonunda əhalinin sayının artmasının da böyük problemə yol açacağını proqnozlaşdırır: "Bu gün biz iqlim dəyişikliyi və əhali artımının fonunda sudan istifadədə təxminən 15-20 faizədək artımı proqnozlaşdıra bilərik. Bir çox sahələrdə su israfı edilir. Bura sudan intensiv istifadə edilən kənd təsərrüfatı və digər sənaye sahələrini aid etmək olar".

Yüzlərlə kilometr aralıda iki kənd düşmən olub, problemləri Bakını vurur>>

Cenene Mitçell deyir ki, Azərbaycanda turizm və otelçilik sahəsinin geniş vüsət alması ilə əlaqədar Azərbaycan Otellər Assosiasiyası ilə əməkdaşlığa başlayıblar: "Bütün ölkələrdə otellərdə suyu daha çox turistlər israf edirlər. Hətta araşdırmalara görə, bəzi ölkələrdə bir turist gündəlik olaraq yerli əhalidən 10 dəfə artıq su israf edir. Artıq ətraf mühit haqda məlumatlı olan turistlərin suya qənaət etməsi otellərin reputasiyasına təsir edən amil kimi qiymətləndirilir".

"Araşdırmalar göstərir ki, turistlər dayanıqlı inkişaf proqramına qoşulan, "green" ("yaşıl", yəni ekoloji) layihələrlə bağlı addımlar atan otellərə daha çox üstünlük verirlər. Azərbaycanda otellərin bu proqrama qoşulması həm də onların müştərilərinin sayının artmasına səbəb olacaq. Biz otellərdə turistlərin sudan daha qənaətli istifadə etmələri üçün müxtəlif bukletlər hazırlamışıq", - deyə həmsöhbətimiz əlavə edib.

O deyir ki, sudan kor-koranə istifadə həm də çoxlu çirkab və kanalizasiya suyunun olması deməkdir. Bu səbəbdən də suyun israfının qarşısının alınması həm də çirkab sularının da azalması anlamına gəlməlidir.

© ©KarikaturaHər şey daxil
Yaşıl rəng pul gətirir - suya qənaət edənlər buna görə qazanırlar - Sputnik Azərbaycan
Hər şey daxil

Bu layihəyə qoşulma məcburi olmadığı üçün burada hansısa cəza mexanizmi nəzərdə tutulmur. Meri Metyus hesab edir ki, əslində otellər bu təlimatlara əməl etmədikdə özləri-özlərini cəzalandıracaq:

"Bizim layihəmizdə cəza mexanizmi deyil, stimullar əksini tapır. Çünki su israfı, artıq vəsaitin xərclənməsi özü otellər üçün böyük bir cəzadır. Bundan başqa, belə olan halda, onlar ətraf mühitlə daha çox maraqlanan müştərilərini də itirirlər. Çünki belə turistlər suya qənaətin olmadığını gördükdə düşünəcəklər ki, ödədikləri vəsaitin qarşılığında onlara lazımınca xidmət göstərilmir".

  Hələlik Azərbaycanda otellərlə bağlı aparılan qiymətləndirmənin yekunlaşmadığını, bu səbəbdən əllərində hansısa bir rəqəmin olmadığını deyən həmsöhbətlərimiz bəzən əhəmiyyət verilməyən, kiçik miqdarda su axıntısının böyük itkiyə səbəb olduğunu bildiriblər.

Məsələn, Cenene Mitçell deyir ki, xarab tualet sifonundan davamlı olaraq suyun axması gün ərzində 750 litr su itkisi deməkdir: "Beynəlxalq turizm təşkilatlarının təcrübəsində duş başlıqlarını, yaxud da sifonları dəyişməklə 10 faizdən 30 faizədək qənaət əldə olunduğu qeyd olunur".

Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi də vəziyyəti qiymətləndirib: "Otellər də ekologiyamız üçün mənfi təsirlər yaradır. Burada istifadə olunan su tələblərə cavab verməli, cod olmamalıdır. Oteldə qonaqlanma baxımdan adambaşına su sərfiyyatı üçün bir norma var. Sutka ərzində bir nəfər üçün bu, 300 litrə bərabərdir. Bunun üçün orta və böyük otellərin su anbarları olmalıdır".

© © Şəkil Samir Dübəndi tərəfindən təqdim edilibAzərbaycan Hotellər və Restoranlar Assosasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi
Yaşıl rəng pul gətirir - suya qənaət edənlər buna görə qazanırlar - Sputnik Azərbaycan
Azərbaycan Hotellər və Restoranlar Assosasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi

Su sərfinin azalması üçün qonaqlara çağırış etmək də effekt verir. Məsələn, hamam mələfələrinin tez-tez yuyulması nə qədər kimyəvi maddənin suya axıdılması deməkdir. Bunun qarşısını almaq üçün nömrələrdə xahiş xarakterli müvafiq elanlar qoyulur. Bu elanlarda həmin mələfələrdən təkrar istifadə mümkünsə, onun yuyulma üçün göndərilməməsi tövsiyə edilir.

"Yuyucu tozların axıdıldığı sular təmizlənməlidir. "Waste management", yəni tullantıların idarəolunması sisteminə bəzən diqqət yetirilir, bəzən isə yox. Təəssüf ki, biz belə kiçik və orta biznes məkanında bu tendensiyanı müşahidə edə bilmirik", - deyə S.Dübəndi əlavə edib.

O, su sərfiyyatının qarşısının alınması üçün detektorla işləyən duş və kranlardan istifadənin vacibliyini vurğulayıb.

Xəbər lenti
0