İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 23 oktyabr — Sputnik. Noyabr ayında meteohəssas insanlar maqnit qasırğasının təsirini hiss edəcəklər. Belə ki, verilən proqnoza görə, noyabr ayında güclü maqnit qasırğası gözlənilir.
Maqnit qasırğası meteohəssas insanlara necə təsir göstərir, belə insanlar özlərini necə qorumalıdırlar?
Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirməyə çalışıb.
Həkim-terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, havada yüksək maqnit dalğalarının olması hamıya, xüsusilə beyin, qan-damar xəstəlikləri, xroniki ürək xəstəlikləri olan insanlara təsir edir.
"Havada maqnit dalğalarının güclü olduğu vaxt mümkün qədər evdən çıxmamaq lazımdır. Maqnit dalğalarına qarşı həssas olan insanlar evdən çıxmağa məcburdurlarsa, səhər saatlarında evdən çıxmaları mütləqdir. Maqnit dalğaları daha çox günorta saatlarında güclü olur. Meteohəssas insanlar xüsusilə başlarını gün şüalarından qorumalı, başıaçıq gəzməməlidirlər", - deyə həkim bildirib.
M.Abbasova həmçinin əlavə edib ki, meteohəssas insanlar havada maqnit qasırğası olan günlərdə qəbul etdikləri dərmanlara qarşı daha həssas yanaşmalıdırlar: "Məsələn, təzyiqdən əziyyət çəkən şəxslər əgər bunun müalicəsinə başısoyuq yanaşırlarsa, həmin günlər daha diqqətli olmalı, dərmanlarını mütəmadi olaraq qəbul etməlidirlər.
M.Abbasova vurğulayıb ki, maqnit qasırğası bütün xroniki xəstəliklərdən əziyyət çəkən insanlara təsir edir. Bu səbəbdən də belə şəxslər mütəmadi olaraq hava proqnozlarını izləməli, maqnit qasırğası proqnozlaşdırılan günlərdə dərmanlarını mütləq şəkildə qəbul etməlidirlər. Bununla yanaşı, qida rasionuna da fikir vermək məsləhət görülür.
"Həmin günlər sağlam qidalanmalı, az miqdarda, gün ərzində 5-6 dəfə yemək lazımdır. Təbii qidalara, təbii şirələrə üstünlük verilməlidir. Fəsil dəyişikliyi olduğu üçün həssas şəxslər bu günlərdə sağlamlıqlarının qayğısına daha ciddi qalmalıdırlar", - deyə o qeyd edib.