BAKI, 22 oktyabr — Sputnik. "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində qatarların hərəkətində yenidən problem yaranıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hadisə səhər saatlarında “Sahil” stansiyasından “28 May” stansiyasına hərəkət edən qatarda baş verib: "İçərişəhər" - "Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarda qəfil texniki nasazlıq yaranıb. Qatar “28 May” stansiyasında dayanıb".
"Sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq vaqonlar boşaldılıb, həmin qatar texniki baxış üçün depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə yeni qatar buraxılıb", - deyə mətbuat katibi əlavə edib.
B.Məmmədovun sözlərinə görə, yaranan bu problem sıxlığa səbəb olmayıb: "Bu problem yarananadək də metronun "Koroğlu" və "28 May" stansiyasında sıxlıq vardı. Qatarda yaranan problem isə sıxlığa səbəb olmayıb. Çünki həmin qatarın yerinə dərhal başqa bir qatar xəttə buraxılıb və intervalda gecikmə olmayıb".
Qeyd edək ki, yeni dərs ilinin açılışından sonra artıq bir neçə dəfə metroda qatarların hərəkətində müəyyən problemlər yaranıb. Bu problemlərin bəziləri yeni qatarlarda müşahidə edilib və bunun da səbəbi avtomatlaşdırılmış sistemlə işləyən qatarların qapılarının tutulub saxlanılması ilə izah edilib. Belə ki, avtomatlaşdırılmış sistemlə işləyən qapıların tutulub saxlanılması sistemin donmasına və bu da müəyyən gecikməyə səbəb olur.