BAKI, 20 oktyabr — Sputnik. "Suriya Demokratik Qüvvələri"nin (SDQ) ərəb-kürd dəstələri Türkiyə ilə sərhəddə yerləşən Ras-əl-Əyn şəhərini tərk ediblər.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Suriya dövlət telekanalının məlumatına görə, Türkiyə ordusu şəhəri tutub.
Oktyabrın 12-də Türkiyə Müdafiə Nazirliyi bildirmişdi ki, türk hərbçilər və Suriyanın silahlı müxalifət qüvvələri Ras-əl-Əyni nəzarətə götürüblər. Öz növbəsində SDQ şənbə günü bəyan edib ki, qüvvələri sərhəddən yalnız Türkiyə onlara dinc sakinləri və döyüşçüləri mühasirədə olan Ras-əl-Əyndən çıxarmağa icazə verəndən sonra geri çəkəcək.
TRT World Now Türkiyənin Müdafiə Nazirliyinə istinadən xəbər yayıb ki, 55 hərbi texnikaya malik konvoy Ras-əl-Əynə daxil olub, daha 86 texnika isə Tal-Amir şəhərinə istiqamət alıb.
Convoy of 55 vehicles entered Syria's Ras Al Ayn city, another with 86 vehicles went to Tal Amir - Turkish National Defence Ministry
— TRT World Now (@TRTWorldNow) October 20, 2019
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.
Oktyabrın 17-də ABŞ və Türkiyə Suriyada atəşin 120 saat müddətində dayandırılması barədə razılığa gəldiklərini açıqlayıblar. Razılaşmaya əsasən, Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.