Rahim Zakiroğlu, Sputnik Azərbaycan
Astara sitrusçuları tezyetişən “Karli” sortundan olan naringilərin yığımına başlayıblar. Kijəbə qəsəbəsinin sakini Yalçın Ağayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə əsasən, xaricdən gətirilmiş “Karli” naringi sortunun ağacları yerli naringi ağaclarına nisbətən az məhsul verirlər: "Bir ağacdan bu il 30-40 kiloqram məhsul toplaya bilirik. Amma yerli naringi ağacları isə 70-150 kiloqrama qədər məhsul verir. Məhsulumuzu ancaq paytaxt bazarlarına və yerli bazarlara satışa çıxarırıq. Xarici bazarlara naringi göndərməmişik. Meyvələrin yerində topdansatış qiymətləri 70-90 qəpik arasında dəyişir”.
Digər təsərrüfat sahibi Rəşad Musayev isə yığdıqları meyvələrin satışlarında problem olmadığını deyir: “Qiymətlər alıcıları qane edir. Məhsulumuzu hələlik ancaq daxili bazarlarda satışa çıxarırıq”.
Sitrus təsərrüfatı ilə məşğul olan Ağadadaş Qənbərov bildirdi ki, ağaclarda meyvələr seyrək olsa da yüksək keyfiyyətlidir: “Bu il çox möhkəm quraqlıq oldu və sitrus ağacları qurumağa başladı. Amma “Azərbaycan kənd investisiya layihəsi”nin dəstəyi ilə suvarma sistemi təşkil olundu. Təxminəm 300-ə yaxın təsərrüfat həmin suvarma sistemindən bəhrələndi”.
Qeyd edək ki, Astara rayonunun Kijəbə qəsəbəsində təxminən 1500-1600 sitrus təsərrüfatı var.