CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astarada qızğın iş gedir: nübarı Rusiyaya göndərirlər

© Sputnik / Rahim MuradovAstarada feyxoa yığımı
Astarada feyxoa yığımı - Sputnik Azərbaycan
Abunə olmaq
"Bir müddət əvvəl məhsulun topdansatış qiyməti 1-2 manat civarında dəyişirdi, indi isə meyvə çoxaldıqca qiymət aşağı düşür"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Artıq bir neçə gündür ki, Astaranın sitrus bağlarında feyxoa yığımı başlayıb. Rayonun Kijəbə qəsəbə sakini, təsərrüfatçı Ramik Alıyevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə əsasən, ötən ilə nisbətən bu il məhsuldarlıq yüksəkdir: "Feyxoa yığımına 1-2 gündür ki, başlamışıq. Keçən il təsərrüfatımızdan 2 tona yaxın məhsul götürə bilirdiksə, bu il daha artıq yığmışıq. Həm də yığılan feyxoaların ölçüsü ötən il yetişənlərdən iridir. Hələ ki, yığılan məhsulların ilk hissəsini Rusiya bazarlarına göndəririk. Qiymətlər də yaxşıdır, feyxoa satışı ilə məşğul olan kəndlilərimiz də razı qalırlar. Hazırda feyxoanın topdansatış qiyməti yerində 50-60 qəpik civarında dəyişir”.

© Sputnik / Rahim MuradovAstarada feyxoa yığımı
Astarada qızğın iş gedir: nübarı Rusiyaya göndərirlər - Sputnik Azərbaycan
Astarada feyxoa yığımı

Qəsəbə sakini Eynəli Ağayev isə təsərrüfatında yığdığı məhsulu paytaxt bazarlarında satışa göndərdiyini bildirir:

"Bizim kəndlilərin, demək olar, hamısı sitrus meyvələri əkib və sitrus meyvələri ilə dolanırıq. Mənim təsərrüfatımda 100-ə yaxın feyxoa ağacı var. Bu ayın əvvəlindən başlayaraq feyxoa yığımına başlamışıq və noyabr ayına kimi yığım davam edəcək. Bu günə kimi iki ton yarım feyxoa yığmışam. Hazırda cavan ağaclardan 15-20, bir az yaşlı ağaclardan isə 50-60 kiloqram feyxoa yığa bilirik. Məhsulumuzu əsasən paytaxt bazarlarına satışa çıxarırıq".

Kijəbə qəsəbə sakini, təsərrüfatçı Ağadadaş Qənbərov isə bir müddət əvvəl feyxoanın topdansatış qiymətinin baha olduğunu, lakin məhsul artdıqca ucuşlaşdığını deyir:

© Sputnik / Rahim MuradovAstarada feyxoa yığımı
Astarada qızğın iş gedir: nübarı Rusiyaya göndərirlər - Sputnik Azərbaycan
Astarada feyxoa yığımı

"Qəsəbənin sitrus bağlarının əsasını təşkil edənlərdən biri də feyxoa bağlarıdır. Hazırda bir həftəyə yaxındır ki, məhsul yığımı gedir və daxili, eləcə də xarici bazarlara göndərilir. Bir müddət əvvəl məhsulun topdansatış qiyməti 1-2 manat civarında dəyişirdi, indi isə meyvə çoxaldıqca qiymət aşağı düşür. Bu il sahibkarlara güzəştli qiymətlərlə gübrələr verildi. Fermerlər də aşağı qiymətlərlə gübrələri alıb istifadə etdilər və bunun nəticəsi olaraq məhsuldarlıq çoxdur. Bu il həm də quraqlıq oldu və bunun nəticəsində də meyvələrin ölçüləri balaca oldu. Yağışlar mövsümü başlayandan sonra isə meyvələrin keyfiyyəti artdı və ölçüləri böyüdü". 

Xatırladaq ki, ötən il Astaranın sitrus bağlarına çoxlu ziyanvericilər yayılmışdı. Fermerlər də onlarla mübarizə aparmaqda aciz idilər. Təsərrüfatçı A.Qənbərovun sözlərinə əsasən, dövlət tərəfindən bu ziyanvericilərlə mübarizə aparmaq üçün xüsusi briqadalar yaradılıb. "Bu briqadalar Astaranın əksər sitrus bağlarını dərmanladılar. Bu il artıq sitrus bağları ziyanvericilərdən təmizlənib və bu da məhsuldarlığa müsbət təsirini göstərib".

Xəbər lenti
0