BAKI, 11 oktyabr — Sputnik. 2019-cu ilin sentyabr ayında ümumilikdə 280 min nəfər Azərbaycan sərhədlərini keçib ki, bu da 2018-ci ilin sentyabr ayına nisbətən 48 min və ya 20.8% çox xarici vətəndaş deməkdir. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən bildirilib.
Ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən qeydə alınıb. İran üzrə artım 33 minlə iki dəfə, Mərkəzi Asiya ölkələri üzrə isə 88% qeydə alınıb. Gələn əcnəbilərin 6.7 min və ya 13%-dən çoxu Gürcüstanın, 5.3 min və ya 8%-dən çoxu Rusiyanın payına düşür. Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən illə müqayisədə 231.8% artım deməkdir. Cənubi Asiya ölkələri arasında Hindistandan (83.7% və ya 3 min), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96.1% və ya 3.8 min) gələn qonaqlar arasında kəskin artım müşahidə olunur.
2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana gələn xarici qonaqların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9.6% artaraq 2.4 milyona çatıb. Sentyabrda olduğu kimi yanvar-sentyabr dövründə də gələnlərin əksəriyyətini (1.26 milyon və ya 52%) Rusiya və Gürcüstan vətəndaşları təşkil ediblər. Sonuncu üzrə artım 94.5 min və ya 21.7% olub.