BAKI, 10 oktyabr — Sputnik. Ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 2019-cu ilin sonu 2020-ci ilin əvvəllərində epizotoloji monitorinqlər keçiriləcək. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a məlumat verilib.
Bildirilib ki, monitorinq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssis və əməkdaşları tərəfindən reallaşacaq.
Monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadasında, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarında aparılacaq. Monitorinq aparılan müddətdə sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşlarından diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.