CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülük vəsiqələrinə alternativ - məsrəfi azaltsa da, kağız da gərək olacaq

© Sputnik / Anar MustafayevВодительское удостоверение и ключи от автомобиля, фото из архива
Водительское удостоверение и ключи от автомобиля, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Xarici ölkələrə getmək üçün vəsiqənin kağız variantı da olmalıdır. Çünki vəsiqə olmasa, onun həqiqi olmasını məlumat sistemi oxuya bilməyəcək"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Rusiyada elektron sürücülük vəsiqələrinin verilməsi təşəbbüsü nəzərdən keçirilir. Bu barədə Rusiya Dövlət Avtomobil Müfəttişliyinin rəhbəri Mixail Çernikov deyib. 

Sürücü, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
İki ayrı bəlaya eyni cəza: sürücülük vəsiqəsi əllərindən alınsa, rahatlarıq

O bildirib ki, təşəbbüsə əsasən, sürücülük vəsiqələrinin elektron versiyasının yaradılması və onların smartfonlara inteqrasiya edilməsi üzərində işlər başlayıb. Qeyd olunur ki, elektron vəsiqələr hazırkı sürücülük vəsiqələrinin alternativi olacaq.

Bununla belə, elektron sürücülük vəsiqələrinin nə vaxtdan qüvvəyə minəcəyi barədə dəqiq məlumat verilməyib.

Bəs Azərbaycanda necə, sürücülük vəsiqələri elektronlaşdırıla bilərmi? Sputnik Azərbaycan məsələni araşdırıb.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, elektron sürücülük vəsiqələrinin tətbiq edilməsi uzun müddətdir ki, planlaşdırılır. Bu təcrübə dünyanın bir çox ölkələrində həyata keçirilir.

Muradlı bildirib ki, sürücülük vəsiqəsinin kağız üzərində olması və sürücülərin bunu üzərində gəzdirməsi şərt olmamalıdır: "Artıq müasir texnologiyalar dövrüdür. "Bortkompüter", "iPatrul" sistemləri mövcuddur.

Artıq sürücünün və ya hər-hansı bir vətəndaşın kimliyini müəyyən etmək o qədər də çətin deyil. Buna görə də sürücünün vəsiqəsini üzərində gəzdirməsi önəmli məsələ deyil.

Mərkəzi Məlumat sistemi olduğu üçün, hesab edirəm ki, Azərbaycanda da sürücülük vəsiqələrinin elektronlaşdırılması tətbiq edilə bilər".

Ekspertin fikrincə, söhbət vətəndaşın sürücülük hüququnun olmamasından gedirsə, bu, məsuliyyət yaradırsa, o zaman bunu mərkəzi sistemdə yoxlamaq o qədər də çətin deyil. Sürücü haqda ümumi məlumatları sistemə vurub, onun barəsində ətraflı məlumatı görmək mümkündür.

Ölkədə sürücülük vəsiqələrinin elektron şəkildə tətbiq edilməsi üçün "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər edilməlidir.

Sükan arxasında risk: Yaşlı sürücülərə fərqli vəsiqə verilməlidir?>>

"Ancaq elə təşkil etmək lazımdır ki, sürücülük vəsiqələri kağız üzərində də vətəndaşlara verilsin. Çünki sürücülük vəsiqəsinin elektron forması yalnız ölkə daxilində keçərli ola bilər. Xarici ölkələrə getmək üçün vəsiqənin kağız variantı da olmalıdır. Çünki vəsiqə olmasa, onun həqiqi olmasını məlumat sistemi oxuya bilməyəcək. Məlumat sistemləri bütün ölkələrin məlumat bazalarını oxuya bilməz. Başqa ölkələrin məlumat bazaları Azərbaycanda olan sürücülük vəsiqələri haqqında məlumat əldə edə bilməz", - deyə E.Muradlı bildirib.

Ekspert vurğulayıb ki, əgər vətəndaşın sürücülük hüququ varsa, o, sürücülük vəsiqəsini üzərində gəzdirməyə məcbur deyil. Yəni buna görə sürücüyə cərimə tətbiq edilə bilməz.

Nəqliyyat eksperti Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sürücülük vəsiqəsinin elektronlaşdırılması mümkün ola bilər. Çünki artıq dünyanın bir çox ölkələri bu təcrübədən yararlanır.

"Bu məsələ üzərində müzakirələr davam etdirilir. Yəni olması lazım olan məsələlərdəndir. Sürücülük vəsiqəsinin elektronlaşdırılması bizi üzərimizdə əlavə sənədləri gəzdirməkdən və digər məsrəflərdən azad edəcək. Yadınıza gəlirsə, əvvəllər üzərində sürücülük vəsiqəsi olmayan şəxslər cərimə edilirdilər. İndi isə vətəndaşın sürücülük vəsiqəsi varsa, onu mərkəzi sistemlə müəyyən etmək olur", - deyə Allahverənov qeyd edib.

O əlavə edib ki, yaxın gələcəkdə sürücülük vəsiqəsinin elektronlaşdırılması istisna edilmir.

Xəbər lenti
0