Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 4 oktyabr — Sputnik. Gələn ildən icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Artıq icbari tibbi sığorta sistemi ilə bağlı müəyyən informasiyalar var. Amma son vaxtlar müzakirə edilən məsələlərdən biri də icbari tibbi sığorta paketinə hansı dərman preparatlarının daxil ediləcəyi məsələsidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu mövqedədir ki, Azərbaycanda da dərman təminatı icbari tibbi sığorta paketinə daxil edilməlidir. Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab bildirib ki, ilkin olaraq 20-30 adda dərman bu paketə daxil ola bilər:
M.Jakab hesab edir ki, dərmanların paketə daxil edilməsi insanların maliyyə yükünü azaldar.
Sputnik Azərbaycan bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi münasibətini öyrənib. Agentlikdən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, 2020-ci ildən etibarən İTS-nin tətbiqini təmin edəcək vacib tədbirlərdən biri əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlər toplusunun (xidmətlər zərfi) hazırlanmasıdır: "Sözügedən zərfin hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi üzərində işlər isə artıq yekunlaşmaq üzrədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək".