İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 3 oktyabr — Sputnik. "Əziz bakılılar və şəhərimizin qonaqları..." Yəqin ki, metroya girən hər bir şəxs gün ərzində bu müraciətlə rastlaşır və ona qulaq asır.
Metroda sərnişinlərə edilən bu müraciət forması Azərbaycanın digər bölgələrindən olan vətəndaşları tərəfindən birmənalı olaraq qarşılanmır. Bəzi vətəndaşlar hesab edirlər ki, sərnişinlərə edilən belə müraciət forması onlara qarşı ayrı-seçkilikdir.
Dünyanın digər ölkələrində sərnişinlərə yer adı ilə deyil, ümumi şəkildə müraciət edilir. "Əziz sərnişinlər" deyə, heç bir coğrafi “ayrı-seçkilik” etmədən dilə gətirilən müraciət forması heç kimdə narahatlığa səbəb olmur.
Metroda başqa bir elan isə təhlükəli şəxslər və ya əşyalarla bağlıdır. Sərnişinlər hesab edirlər ki, bu elanın verilməsi onlarda narahatlıq yaradır.
"Yəni metro o qədər təhlükəlidir ki, biz təhlükəli şəxs və ya əşya ilə qarşılaşanda polisə müraciət edək? Bəs bu elan şəhərimizin qonaqlarında necə, qorxu yaratmazmı?" – deyə bir bəzi sərnişinlər Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbət zamanı narazılıqlarını bildiriblər.
Bu narazılıqları və narahatlıqları nəzərə alaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq.
B.Məmmədov qeyd edib ki, müraciətdə qeyd edilən "əziz" sözü təkcə bakılılar üçün deyil. Hamı üçün nəzərdə tutulub.
"Bakılılar” deyəndə, ənənəvi yerli əhali anlamı deyil, burada yaşayan hər kəs nəzərdə tutulur. Şəhərimizin qonaqları daha çox paytaxta gələnlərə xüsusi hörmətin əlaməti də sayıla bilər. Məncə, bakılılar və şəhərimizin qonaqları ifadəsinə bu prizmadan da baxmaq lazımdır. Hər şeydə qıcıq axtarmaqdansa, məncə, yaxşı cəhət axtarmaq da olar. Biz qonaqpərvərliyi Azərbaycanın hər yerində eyni qaydada görüb, qonağa xüsusi yanaşırıq. Dəxli yoxdur, qonaq qonşu kənddəndir, başqa şəhərdən, ölkədəndir, yaxından, ya da uzaqdandır. Yəni bunları pis yozmaq istəyənlərə daha nikbin yozum üçün nümunə kimi çəkdim. Hərənin öz baxış bucağı var. Mənim üçün Azərbaycan vətəndir, onun oba-oba, oymaq-oymaq bölünməsinin əleyhinəyəm. Ləhcələrimizə, dialekt və şivələrimizə də region xüsusiyyəti kimi deyil, məhz dilimizin zənginliyini, milli təfəkkür və coğrafi bağlılığımızın, torpağa yaxınlığımızın əlaməti, kiçik coğrafiyada şaxələnmiş leksik fərqlərin inanılmaz vəhdəti kimi baxıram və belə də sevirəm. Mən də rayonda doğulan şəxsəm, amma o sözdən heç vaxt kompleksə düşməmişəm, heç incimək fikrim də yoxdur" – deyə o bildirib.
Məmmədov əlavə edib ki, "şübhəli şəxs və ya əşyalarla" bağlı elanlara gəldikdə isə bu elanı çox ölkələrdə və şəhərlərdə görmək olur.
"Bu müraciət qorxu yaratmaq deyil. Kiməsə xatırlatmaq, kiməsə anlatmaq, kiməsə belə bir mümkünün olduğunu deməkdir. Bundan çəkinmək lazım deyil. Bu elanı eşidən insan belə halla rastlaşanda, daha ehtiyatlı olacaq, həm də əmin olacaq ki, belə şeyə görə kiməsə müraciət edəcək və bunu normal qarşılayacaqlar. Bu elan kimdəsə əminlik də yarada bilər ki, nəzarət var, diqqət var və yolumu rahat gedə bilərəm. Məncə narahatlıq yaratmamalıdır" – deyə o vurğulayıb.