Zülfiyyə Quluyeva, Sputnik Azərbayvan
BAKI, 16 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) metrostansiyaların çıxışlarında qanunsuz parklanmaya qarşı ciddi mübarizə tədbirlərinə start verib. BNA-nın metro çıxışlarında qanunsuz parklanmaya qarşı tədbirləri dayanacaqlarda avtobusların rahat hərəkətinə imkan yaradıb. BNA-nın mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, metronun "Gənclik", "20 Yanvar", "Neftçilər" stansiyaları çıxışlarının ətrafı, eləcə də Moskva prospektində (Şamaxinka adlanan ərazi - Sumqayıt istiqamətində) avtobus dayanacaq məntəqələrində qanunsuz parklanmaya qarşı tədbirlər davam edir: "Bunun nəticəsidir ki, qeyd edilən dayanacaq məntəqələrində iş günü səhər və axşam pik saatlarda nəqliyyat vasitələrinin normal axını müşahidə edilir. Müntəzəm marşrut avtobuslarının dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışı təmin edilib".
Qeyd edək ki, BNA-nın qanunsuz parklanmaya qarşı mübarizə tədbirləri sərnişinlər tərəfindən də rəğbətlə qarşılanıb. Sosial şəbəkələrdə metrostansiyaların çıxışlarının qanunsuz parklanma zamanı və hazırkı vəziyyətini əks etdirən müqayisəli görüntülər paylaşılıb.