Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 2 oktyabr — Sputnik. Şabran rayonunun fəxri, Azərbaycanın Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru Məmməd Səfa Qasımov 1960-cı il iyulun 25-də indiki Şabran rayonunda (keçmiş Dəvəçi) dünyaya göz açıb. 1977-1980-ci illərdə Bakı Mədəni-Maarif texnikumunda, daha sonra M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Təhsilini bitirdikdən sonra Şabrana qayıdan aktyor burada Mədəniyyət evində işləməyə başlayır. 1985-ci ildən isə fəaliyyətini görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında, Tədris Teatrında davam etdirib. Dəyərli sənətkarımız hazırda Yuğ Teatrının aktyorudur. 2018-ci ildə Xalq artisti adına layiq görülüb.
Şabran rayonuna qonaq gələn aktyorumuzdan vaxt ayırıb bizə müsahibə verməsini xahiş etdik. Sözümüzü yerə salmadı. Sənətin maraqlı məqamlarını Sputnik Azərbaycan-la bölüşdü:
- Sizi tamaşaçılara daha çox tanıtdıran və sevdirən "Dolu" filmi haqda fikirləriniz?
- Haradasa sizinlə razıyam. "Dolu"dan da mürəkkəb filmlərimiz olub. Sadəcə, müharibə xalqımızın yaralı yeri olduğu üçün filmə maraq kifayət qədər böyük oldu. Orada hər kəs üzərinə düşəni artıqlaması ilə yerinə yetirdi. Buna görə də film kiçikdən-böyüyə hər kəs tərəfindən sevildi.
Yeni böyüyən nəslə, dünyaya film vasitəsilə çatdırılmalıdır ki, bizim torpaqlarımızı işğal ediblər. Torpaqlarımızın geri qaytarılması üçün müharibəyə hər birimiz hazır olmalıyıq. Necə deyərlər - qana qan! Bu səbəbdən düşünürəm ki, müharibə şəraitində olan dövlətimizdə çəkilən filmlərin əksəriyyətində bu mövzuya toxunulmalıdır. Bir sözlə, “Dolu” bu günümüzdə zəruri olan, çəkilməli olan film idi ki, çəkildi və sevildi.
- Teatr aktyoru, yoxsa kino aktyoru?
- Teatrla kino ayrı-ayrı peşələrdir. Hər aktyorun həm kinoda, həm də teatrda eyni dərəcədə bəxti gətirmir. Elə aktyorlarımız var ki, teatrda qazana bilmədikləri uğuru filmdə qazanıblar. Eləsi də var ki, tam əksinə. Fikrimcə, hər bir aktyor həyatı boyu teatrda olmalıdır, canlı tərəf-müqabili ilə, tamaşaçılarla təmasda olmalıdır. Aktyor teatrda inkişaf edə bilər. Öz təcrübəmdən deyə bilərəm ki, aktyor filmdə teatrdan qazandıqlarını xərcləyir. Hər bir aktyorun da istəyi var ki, filmdə işləsin.
- Müsahibələrinizin birində “özümü aktyor hesab etmirəm” ifadəsi işlədirsiniz. Səbəb?
- Bunu ona görə deyirəm ki, bir ömür aktyor olmağa bəs etmir. Aktyor sənəti sonsuzluğa gedən bir yoldur. Bu sənətdə olanlar isə sadəcə ona toxunaraq ömürlərini başa vururlar. Ona görə mən "onu etdim, bunu etdim" deyə bilmərəm. "Bu dünya bir pəncərədir, hər gələn baxıb gedər" ifadəsində olduğu kimi, hər bir aktyor da bu sənətdə nəyəsə toxunub gedir. Aktyor sənəti çox amansızdır. Həm də bu sənət bəxt, tale ilə bağlıdır. Ola bilər ki, Allah sənə aktyor üçün lazım olan hər bir şeyi versin, amma peşə bəxti verməsin. Bu peşə bəxti olmadısa, sən heç nə edə bilməzsən. Bu sənətdə uduzmaq şansı 99 faizdir. Ona görə mən də Allahın verdiyi ömürdə, bu sonsuzluğa gedən sənətdə nəyəsə toxunmaq istəyirəm.
- "Yeni nəsil aktyorlar köhnələrin yerini vermir" fikri ilə çox rastlaşırıq. Buna münasibətiniz?
- Bu deyimləri özüm də çox eşidirəm. Amma qətiyyən razı deyiləm. Bu gün bizdə kifayət qədər öz işini dərindən bilən aktyorlar yetişir. Hətta elə aktyorlarımız var ki, inandırım sizi, dünyada olan istənilən aktyor məktəbi ilə üz-üzə qoysanız, onları üstələyərlər. İstənilən teatrımızda ən azı 3-5 nəfər belə aktyorumuz var. Bizim nəyimiz də olmasa, hər zaman istənilən qədər istedadlı aktyorlarımız var.
- Yerli serialları izləyirsiniz?
- İzləməyə vaxtım olmur. İş prosesi ilə əlaqədar vaxt edə bilmirəm. Seriallar haqqında onu deyə bilərəm ki, çox çətin janrdır. Orada işləmək üçün aktyor hazırlıqlı olmalıdır.
- Seriallara dəvət almısınız?
- Olub. Amma qəbul etməmişəm. Çünki serialda işləmək çətindir. Bir neçə seriyadan sonra qəhrəmanın başına nələr gələcək, bilmirsən. Buna görə razılıq vermirəm. Amma qismətdə varsa, nə vaxtsa ola bilər.
- Vaqif İbrahimoğlunun yaratdığı Yuğ Teatrı bu gün onun ənənəsinə sadiq qalıbmı?
- Nə vaxta qədər ki, müəllimin tələbələri var, onun ənənəsi davam edəcək.
- Özünüzü Vaqif İbrahimoğlunun davamçısı hesab edirsiniz?
- Çox çətin sual oldu. Etiraf edim ki, ilk dəfədir, belə çətin sual qarşısında qalıram. O şəxsin davamçısı olmaq üçün gərək onun gördüyü işlərin ən azı yarısını edəsən. Gəncliyim Vaqif müəllimin yanında keçib. Amma buna baxmayaraq, deyə bilmərəm ki, onun davamçısıyam.
- Yaradacağınız obraz, yoxsa qonorar?
- Sənətini sevən hər bir aktyor, fikrimcə, canlandıracağı obrazı fikirləşməlidir. Çünki hər bir yeni personaj aktyorun özünün növbəti obrazının yaranmasına səbəb olur. Əgər zəif obrazı canlandırıb, yüksək qonorara razılaşsan, növbəti təkliflər gəlməyə bilər. Həm buna görə, həm də sənətdə iz qoymaq adına heç vaxt bununla razılaşmaq düzgün olmaz.
- Bir neçə ay öncə Prezidentimiz sizi ev ilə mükafatlandırıb. Nə hisslər keçirdiniz xəbəri eşidəndə?
- Həmin axşam evdə oturmuşdum. Tanımadığım nömrədən zəng gəldi. Telefonu açanda özünü icra nümayəndəsi kimi təqdim edən şəxs: "Məmməd Səfa müəllimləmi danışıram" - dedi. Sonra mənə Prezidentimiz tərəfindən ev verildiyini bildirdi. Həyəcanımdan iki dəqiqə donub qaldım yerimdə. Sonra icra nümayəndəsi: "Müəllim, oradasınızmı?" - dedikdə sanki yuxudan ayıldım. O mənə səhər İcra Hakimiyyətinə yaxınlaşmağımı tapşırdı, evin açarlarını mənə təqdim edəcəyini bildirdi. İnandırım sizi, nə qədər etsəm də, səhərə qədər gözümə yuxu getmədi. Cənab Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.