CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Füzuli Hüseynov: "İçki içən, siqaret çəkən bizə ayda 10 milyon xeyir verə bilər"

© Sputnik / Murad OrujovFüzuli Hüseynov xalq artisti
Füzuli Hüseynov xalq artisti - Sputnik Azərbaycan
Abunə olmaq
"Dünyanın ən məşhur aktyoruna hər gün baxsan, bezərsən. Həm də yaşımın o vaxtıdır ki, seçim edirəm - hansı rejissorla hansı əsərdə işləyim"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Budəfəki həmsöhbətimiz Respublikanın Əməkdar artisti Füzuli Hüseynovdur. Tamaşaçılar onu "Təhminə" filmindəki Spartak obrazına görə tanıyıb sevirlər. Amma fikrimcə, Kamran Şahmərdanın "Teleskop" tamaşasındakı roluna görə aktyor daha çox sevgiyə layiqdir. Söhbətə yaradıcılığındakı yeniliklərdən başlamaq istədim. Kəskin şəkildə bildirdi ki, biz yaradıcı yox, yaxşı adam aldadırıq. Müsahibəyə də elə bu mövzu ilə başladıq.

- Bəlkə, inandırmaq?

- İnandırmaq elə aldatmaqdır da. Göyə baxıb deyirsən ki, ey durnalar. Orada durna var ki? Pribaltikada sovet dövründə eksperimental teatr var idi. Orada insanları həqiqətən döyürdülər. Bu sənət deyil, peşədir.

© Sputnik / Murad OrujovFüzuli Hüseynov, Əməkdar artist
Füzuli Hüseynov: İçki içən, siqaret çəkən bizə ayda 10 milyon xeyir verə bilər - Sputnik Azərbaycan
Füzuli Hüseynov, Əməkdar artist

- Bəs hal-hazırda bizim teatrın durumu sizi qane edirmi?

- Mənim qiymətləndirməyimlə nəsə dəyişmir. Çünki səlahiyyət sahibi deyiləm. Hər zaman istəmişəm ki, teatr cəmiyyətə, hətta siyasətə təsir etsin. Tamaşalar var ki, həyatın gedişini dəyişir. İnsanlar yaranan suallara tamaşada cavab tapırlarsa, teatr bax, budur. 

TEFİ-Birlik: mükafatların təqdimatı və bağlanış mərasimi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İnanmaq çətindir: Azərbaycan serialı mükafat aldı - FOTO
Mənim anlamıma görə, teatr sərbəst və azad olmalıdır. Bu cür yanaşma bizdən hələ uzaqdır. Birinci növbədə bizə peşəkar rejissorlar lazımdır. Dramaturgiya barədə həmişə şikayət edirlər. Amma hesab etmirəm ki, dramaturq yoxdur. Bizdə, ola bilər, azdır, amma dünya ədəbiyyatında yetəri qədərdir. Məncə, rejissorlara münasibət dəyişilməlidir. Onlara şərait yaradılmalıdır. İmkan verilməlidir ki, sifarişlə yox, istədikləri əsəri səhnələşdirsinlər. Ümid edirəm, 80-ci illərdə mənim gördüyüm teatrın imici geri qayıdar. Ümumiləşdirib deyim ki, teatr tənəzzül dövrünü yaşayır.

- Rejissorlardan danışdınız. Fəaliyyət göstərdiyiniz teatrda rejissorlar işdən kənarlaşdırıldılar. Həqiqətənmi ölkənin Akademik Teatrında eksperiment aparılmalı idi?

- Eksperiment hər zaman aparılmalıdır. Teatr sahəsində xüsusilə. Bunun üçün teatrın kiçik səhnəsi var. Gənc aktyor və rejissor orada fəaliyyət göstərir. Peşəkar adamlardan ibarət komissiya tərtib olunur və qiymət verilir. Beləcə, istedadlı aktyorları yavaş-yavaş böyük səhnəyə atırlar. Eksperiment yönü və işi bəlli olan teatrın böyük səhnəsində aparılmır. Mənə görə, bu, doğru qərar deyildi. Ad çəkməyəcəm, bütün teatrlarda ömrünün 30-40 ilini ona həsr etmiş yarıtmaz aktyorlar var. Yeni gələn gənc aktyora müəyyən müddət verilməlidir. Əgər bu adam teatra yaramırsa, onu yola salmaq lazımdır. Uzun müddət burada fəaliyyət göstərən yarıtmaz adamları uzaqlaşdırmaq da çətindir. Teatrın sahibi rejissordur. Rəhmətlik Rövşən Almuradlı da bunu deyirdi ki, rejissorların statusu olmalıdır. Bunlar olmadı. Direktor teatrına üstünlük verildi. Bizim səhnədə eksperiment gülünc vəziyyətə gətirib çıxardı, teatrın sütununu qırdı. İrəli getməli olduğumuz halda geriyə addımladıq. Tənəzzül öz kökünü məhz buradan götürdü. Biz hələ də bunun ağrılarını çəkirik.

© Sputnik / Murad OrujovFüzuli Hüseynov, Əməkdar artist
Füzuli Hüseynov: İçki içən, siqaret çəkən bizə ayda 10 milyon xeyir verə bilər - Sputnik Azərbaycan
Füzuli Hüseynov, Əməkdar artist

Baxın, bir nəsil aktyorlar gəldi - Ələsgər Ələkbərov, Rza Əfqanlı, Hökumə Qurbanova, Məmmədrza Şeyxzamanov, Məlik Dadaşov, bunlar yaşlaşanda onları Fuad Poladov, Amaliya Pənahova, Həsənağa Turabov əvəzlədi və bu zənciri qırılmağa qoymadılar. 90-cı illərdə teatr təmirə dayandı, siyasi hadisələr, prezident dəyişiklikləri - bütün bu hadisələr teatrdan yan keçmədi. İstedadlı adamlar hər gün doğulmur. İstedadı yetişdirən şəxs rejissordur. Ona görə də teatrdan rejissorların çıxarılması yanlış qərar idi.

Xaricdən rejissor dəvət olunması fikri ortaya atıldı. Mənim fikrimə görə, tamamilə səhv fikir idi. Bu bizə heç vaxt müvəffəqiyyət gətirməz. Ən azından, həmin rejissor burada 6 ay qalmalı, ölkənin ab-havasını duymalı, adət-ənənəsini görməli, tarixi yerləri gəzməli, insanların psixologiyasını bilməlidir. Mən 1983-cü ildə Tumanişvilinin "Don Juan" tamaşasına baxmışam. Tamaşaya baxan adam o saat hiss edirdi ki, bu, gürcü Don Juanıdır.

- Füzuli müəllim, teatrdan bir az aralı düşməyiniz, yəni az tamaşada rol almağınız problemləri dərindən bilməyinizdir?

- Mən heç vaxt teatr repertuarının tam şəkildə zəbt edilməsinin tərəfdarı deyiləm. Bizdə nə qədər aktyor işləyir. Bunların hamısı rol almalıdırlar. Dünyanın ən məşhur aktyoruna hər gün baxsan, bezərsən. Həm də yaşımın o vaxtıdır ki, seçim edirəm - hansı rejissorla hansı əsərdə işləyim. Bəli, hal-hazırda repertuarda olan tamaşalarım azdır. Məncə, tamaşada iş zərgər dəqiqliyi kimi olmalıdır.

© Sputnik / Murad OrujovFüzuli Hüseynov, Əməkdar artist
Füzuli Hüseynov: İçki içən, siqaret çəkən bizə ayda 10 milyon xeyir verə bilər - Sputnik Azərbaycan
Füzuli Hüseynov, Əməkdar artist

- Bir neçə tamaşa var idi ki, həqiqətən, möhtəşəm idi, amma çox heyf ki, indi repertuarda yoxdur. Misal üçün, "Uçqun" tamaşası.

- Çox gözəl tamaşa idi. Eyni zamanda "Yaşlı xanımın gəlişi", "Qatarın altına atılan qadın", "21:15 qatarı", "Kaş araba aşmayaydı".

- "Teleskop" da maraqla qarşılanmışdı.

- Təxminən 4-5 il oynadıq. Amma adlarını çəkdiyim tamaşaların niyə repertuardan çıxarıldığını bilmədim. Bunun səbəbləri də bizə izah olunmadı. Teatr dediyimizin yönü bu cür əsərlərlə olmalı idi. Heyf ki, cılız əsərlər də səhnəyə yol tapır.

- Belə anladım ki, repertuar siyasətində axsamalar var.

- Hesab edirəm ki, bəli, var. Bir məsələni hələ də başa düşə bilmirəm. Sovet dövrü bitib, amma plan hələ də qalıb. Olmasın 3-4 tamaşa, olsun 2 tamaşa. Anlamadığım digər məsələ tamaşaçıların təşkili məsələsidir. Ümumiyyətlə, bu nə üçündür - bilmirəm. Mənim Gürcüstanda, Türkiyədə, Rusiyada teatr rəhbərləri olan dostlarım çoxdur. Onlardan soruşanda ki, zalı necə doldurursunuz, cavabında deyirlər ki, bileti kassadan alıb gəlirlər. Gürcüstanda bir teatrın qarşısında kafedə oturdum və müşahidə eləməyə başladım. Tamaşa elə də maraqlı deyildi. İnandırım sizi, insanlar pulunu verib bilet alırdılar. Vəziyyətləri elə də yaxşı olmadığı vaxtda 5-10 lari verib gəlirdilər. Halbuki, həmin pulla iki gün dolana bilərdilər. Gürcülərdən soruşdum ki, nə üçün belə edirsiniz? Dedilər ki, bu, bir adətdir. Fikirləşirəm, heç olmasa, dramaturqlardan ibarət repertuar siyasətini quran bir qurum yaradılmalıdır.

© Sputnik / Murad OrujovFüzuli Hüseynov, Əməkdar artist
Füzuli Hüseynov: İçki içən, siqaret çəkən bizə ayda 10 milyon xeyir verə bilər - Sputnik Azərbaycan
Füzuli Hüseynov, Əməkdar artist

- Hər teatrda bədii şura fəaliyyət göstərir. Onlar bu funksiyanı yerinə yetirirmi?

- Hələlik direktor teatrı siyasəti davam edir. Hesab edirəm ki, bunun səhv olduğunu əvvəl-axır anlayacaqlar. Düzdür, ömrümüzdən gedir. Ümid edək ki, olacaq.

- Bayaq zəncirvari nəsil dəyişikliyindən danışdınız. Sizi artıq yaşlı nəslin nümayəndəsi kimi qəbul edə bilərik. Bəs sizdən sonra bu zənciri davam etdirən varmı?

Xalq artisti Pərviz Məmmədrzayev - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xalq artisti tarixi serialda rol aldı - FOTO

- Dövlət Gənc Tamaşaçılar Teatrına, Dövlət Akademik Rus Dram Teatrına, Akademik Musiqili Teatra da dəvət etdikləri zaman gedib baxıram. Çox maraqlı, istedadlı gənclərimiz var. Bunu inkar etmək olmaz. Bayaq dediyim zəncir qırılmasından 30 ilə yaxın dövr keçib. Amma ortada heç nə yoxdur. Milli siması olan kino və teatr sistemi qurulmalı idi. Hələlik bu yöndə axsamalar var. Amma bu, o demək deyil ki, olmayacaq. Kim nə istəyir, desin, kim nə istəyir, eləsin - teatr canlı sənət olduğu üçün mütləq yaşayacaq. Televiziyanı internet sıxışdırıb sıradan çıxardı. Hətta kinoya belə şübhəm var. Amma teatra hər zaman ehtiyac olacaq.

- Kinodan söhbət düşmüşkən. Ötən ay Kino günündə iştirak etdim. Sözün açığı, məyus oldum. Kinostudiyada illərlə əziyyət çəkmiş adamlar qaldılar kənarda, Bakı Mədəniyyət İdarəsinin işçiləri təltif olundular. Sizi nə orada, nə də son dövrlər kinolarda görürük.

- Təltiflərlə bağlı deyim ki, buna görə yaşamağa dəyməz. Məncə, həmin peşəkar adamların təltif olunmamaları deyil, kinomuzun olmaması məyus edir. Faciə ondadır ki, peşəkar iş yoxdur. Kinostudiyanın vəziyyətini hamımız bilirik. Prezidentlə görüşdə bu məsələlər qaldırıldı. Hesab edirəm ki, mütləq hərəkətlənmə olacaq. O ki qaldı kinoda görünməməyimə, adam kinoya dəvət edir, soruşuram ki, senarini kim yazıb, deyir, özüm. Operator kimdir - bilinmir. Gedib görürsən ki, kameranı düz qurmayıb, mətnin cümlələri düzgün deyil.

© Sputnik / Murad OrujovFüzuli Hüseynov, Əməkdar artist
Füzuli Hüseynov: İçki içən, siqaret çəkən bizə ayda 10 milyon xeyir verə bilər - Sputnik Azərbaycan
Füzuli Hüseynov, Əməkdar artist

Götürək bizim serialları. Adam nə qədər eyni mövzuya baxar? Filan oliqarxın evində tərbiyəsizlik, bu onu vurdu, o bunu öldürdü - real heç nə yoxdur. Yazıçılarımız, başbilənlərimiz deyirlər ki, bizim qədər tarixi, mədəniyyəti olan ikinci bir dövlət yoxdur. Şərait yaradılmalıdır bu haqda yazılsın. Kimin ağlına nə gəldi, qələmə alır. Anormal, köpük operalarıdır. Deyirlər ki, pulumuz azdır. Qardaşım, pul yoxdur, çəkmə də! Səni kim məcbur edir? Düzdür, bəzi filmlərimiz festivallarda iştirak edir. Digər tərəfdən, sizə bildirim ki, hər gün haradasa festival keçirilir. Kiməsə diplom verilir. Diplom almaqla kinonun, teatrın siması olmur. Artıq neçə ildir, "MAP" teatr festivalı keçirilir. Çox gözəldir. Maraqlı tamaşalar olur. Bakının teatral şəhər adını qazanması hamımıza xeyir gətirər.

- Bu qədər problemlərin içində pozitiv nə var, neqativ nə var?

- Teatrda pozitiv olan onun ölməməsidir. Teatra diqqətin ayrılmasıdır. Maaşların artmasıdır. Düzdür, bu da yetərli deyil. Amma ruslar demişkən, "balıq olmayan yerdə xərçəng də balıqdır". Düzgün teatr siyasəti aparılmalıdır. Bu yaxınlarda Tabakov teatrının direktor müavini ilə söhbət etdim. Dedi ki, biz Yaponiyadan rejissor dəvət edirik. Amma bir şərtlə: həmin tamaşanın Yaponiyada oynanılması üçün şərait yaratsın. Bir türk rejissorunu dəvət etsək, təsəvvür edin, Türkiyənin 10-15 şəhərində həmin tamaşanın oynanılması nə qədər gəlir gətirər. Türkiyə, İran böyük bazardır. Bu işlə məşğul olan insanlar olmalıdır.

ADO teatrında Rinq tamaşasının premyerası keçirilib - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Yaşamaq naminə döyüşmək: Azərbaycanlı aktyorlar "Rinq"də əsl döyüş təşkil ediblər

Bu sahənin düzəlməsi üçün, dövlətə yük olmamaq üçün bir fond yaradılsın. Hər satılan spirtli içkilərə 50 qəpik, siqaretə 5 qəpik əlavə olunsa, teatrın maliyyə məsələsini kökündən həll etmək olar. İçki içən, siqaret çəkən adam başqa yolla mədəniyyətə xidmət etməlidir. Bu yolla ayda 10 milyon yığmaq olar. Həmin məbləğlə nə qədər gənc film çəkə bilər, tamaşa hazırlaya bilər. Şükürlər olsun, Ramiz Fətəliyev, Ramiz Həsənoğlu, Oqtay Mirqasım, Ramiz Rövşən sağdırlar. Bunlar qərar versinlər o gənclərlə bağlı. Bir gənci Hollivuda, o birini Moskvaya, başqasını Avropaya göndərsinlər. Təhsil alsınlar. İnanın, bu, kimin üçünsə deyil, dövlətimiz üçün lazımdır. Həmin məbləğlə nə qədər festival keçirmək, hətta kinostudiyanı da təmir etmək olar.

Öz doğma teatrımla bağlı nikbin gözləntilərim var. Bilirsiniz ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam verib. Çox ümidliyik ki, müəyyən imtiyazlar olacaq.

- Bəs indi planda nə var?

- Mən bu günlə yaşayıram. Təklif olarsa, normal rejissor, əsər olarsa, məmnuniyyətlə işləməyə hazıram.

Xəbər lenti
0