Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanda 2022-ci ilin yanvar ayının 1-dək benzin və dizel mühərrikli avtobusların gətirilməsi məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul edilib. M.Ağayev qeyd edib ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında qərarı var: "Həmin Qərarın 2.1.14. yarımbəndində qeyd edilib ki, avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir. Daşıyıcılara vaxt verilib ki, onlar həmin müddətə qədər avtobus parklarını ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə işləyən avtobuslarla əvəzləsinlər. 2022-ci ilin yanvar ayının 1-dən artıq həmin avtobusların gətirilməsi və xəttə buraxılmasına icazə verilməyəcək. Olanlar isə istismar müddətini başa vurduqdan sonra xətdən çıxardılacaq".
M.Ağayev deyib ki, qəbul edilmiş qərarda Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili və qəsəbədaxili sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər öz əksini tapıb: "Bu tələblərdə qeyd edilib ki, Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili və qəsəbədaxili sərnişin daşımalarını yerinə yetirən avtobuslar irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş avtobuslar sərnişindaşımada istifadə edilə bilməz. Avtobuslar salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi, sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm, nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq, maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu, bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar ilə təchiz edilməlidir. Tələblərdə avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu, sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu, sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazı, qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı da yer alıb. Həmçinin avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə, ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan dayanıqlı əl tutacaqları, dərman qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq da olmalıdır. Avtobusun salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran ağ və ya ağ-sarımtıl işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır.
M.Ağayev bildirib ki, bu, paytaxtın ekolojı tarazlığını qorumaq üçün həyata keçirilən tədbirlərin bir hissəsidir. Onun sözlərinə görə, hazırda yeni qərarla bağlı işlər görülür, daşıyıcı şirkətlər qarşısında tələblər qoyulur. Mais Ağayev qeyd edib ki, sıxılmış qaz və elektrik mühərrikli avtobusların gətirilməsi ilə iş yekunlaşmır: "Nəqliyyat vasitələrinin işlək vəziyyətdə olması üçün infrastruktur da qurulmalıdır".
Qeyd edək ki, Azərbaycanda benzin və dizellə işləyən avtobusların idxalının məhdudlaşdırılmasında məqsəd ekoloji çirklənmənin qarşısını almaqdır. Ölkəmizdə bu il hava çirklənməsinə 80 faiz avtomobillərdən atmosferə atılan zəhərli qazların səbəb olduğu deyilir. Məlumatlara görə, bu il üçün havaya atılan tullantı qazlarının səviyyəsi 2-3 dəfə çoxdur.
Məlumat üçün qeyd edək ki, artıq 2025-ci ildən etibarən dünyanın iri avtomobil istehsalçıları benzin və dizellə işləyən nəqliyyat vasitələrinin istehsalını dayandırır. Məqsəd atmosfer havasının çirklənməsində benzin və dizellə işləyən nəqliyyat vasitələrinin çəkisini azaltmaqdır.