Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 24 sentyabr — Sputnik. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) bir neçə gün öncə bu il ərzində ikinci dəfə baza faiz dərəcəsini 25 bənd azaldıb. Sputnik Azərbaycan xəbər verir ki, faiz dərəcəsi illik 2-2,5%-dən 1,75-2% səviyyəsinə salınıb. Bu qərar bir çox analitiklərin proqnozu ilə üst-üstə düşüb. İyul ayında FED 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd endirmişdi. Uzun illər ərzində isə FED uçot dərəcəsini ya olduğu kimi saxlayır, ya da artırırdı.
FED-in faizləri aşağı salması ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbycan-a deyib ki, FED-in qərarlar verməsi əsasən ABŞ-ın makroiqtisadi göstəricilərinə əsaslanır, yəni makroiqtisadi göstəricilər əsasında bu qərarlar verilir: "FED-in hansısa siyasi təmayüllü qərarlar verəcəyinə inanmıram. ABŞ-da makroiqtisadi göstəricilər kifayət qədər yaxşılaşıb, yəni bahalı pul siyasəti (ekspansiv) artıq ölkəyə kifayət qədər investisiya cəlb edib. Bu, həm birbaşa, həm də dolayı investisiyaların ABŞ-a cəlbinə şərait yaradıb. Artıq növbəti addım faiz dərəcələrini azaltmaqdır, çünki təklif, istehsal və xidmətlər artır. Faiz dərəcələrini də müəyyən qədər azaldaraq daxili tələbi artırmaq istəyirlər".
Onun sözlərinə görə, dünyada bahalı pul siyasəti və daraldıcı pul siyasəti dövrü xarakter daşıyır: "Hər hansı bir ölkə heç vaxt daimi şəkildə faiz dərəcəsini yüksəldərək davam edə bilməz. Bunun bir doyma həddi var. Artıq ABŞ-da makroiqtisadi göstəricilər tələb edir ki, faiz dərəcəsinin artırılması iqtisadiyyat üçün ziyana gətirib çıxarda bilər. İndi bunun əsasında FED qərar verərək uçot dərəcəsini aşağı salıb və hesab edirəm ki, doğru addımdır".
"Bəzən düşünürlər ki, faiz dərəcələrinin aşağı salınması dolların ciddi ucuzlaşmasına gətirib çıxarda bilər. Amma bunun dolların ciddi ucuzlaşmasına gətirib çıxaracağını düşünmürəm. Çünki bu gözlənti var idi və bazar subyektləri buna uyğunlaşırlar. Digər tərəfdən, dolların bütövlükdə dünya bazarında rolunu və mövqeyini müəyyənləşdirən əsas amillərdən biri də neftin dünya bazar qiymətidir. Neftin qiyməti də ciddi şəkildə aşağı düşməyib ki, bu, ikiqat dollara zərbə vursun", – deyə o qeyd edib.
Ekspert bildirib ki, FED-in qərarı dolların avro və digər valyutalar qarşısında cüzi ucuzlaşmasına gətirib çıxarda bilər: "Amma bu, yenə də ABŞ-ın ixracının artması ilə nəticələnəcək və bu ölkənin iqtisadiyyatı üçün daha faydalı olacaq. FED kifayət qədər məntiqli və iqtisadiyyatın makro və sektoral göstəricilərini təhlil edərək qərar verir və qərar vermədən öncə də gözləntiləri yaradır. Gözləntiləri yaratdığı üçün də dünya iqtisadiyyatı elə də ciddi problemlərlə qarşılaşmır".
"Əslində ABŞ Prezidenti Donald Tramp ilə FED arasında heç bir ziddiyyət yoxdur. Çünki ABŞ prezidentinin FED-ə müdaxilə etmək imkanı sıfıra bərabərdir, yəni ümumiyyətlə, qanunvericilikdə belə bir şey nəzərdə tutulmur. ABŞ prezidenti sadəcə fikrini, rəyini bildirə bilər", – deyə o qeyd edib.
FED-in qərarının Azərbaycana təsirinə gəlincə, ekspert deyib ki, bunun bir sıra istiqamətdən ölkəmizə təsiri ola bilər: "Dollar dünyada ciddi şəkildə aşağı düşərsə, bu, Azərbaycana təsir edəcək və manat müəyyən qədər dəyər qazanacaq. Amma dünyada dolların ciddi şəkildə ucuzlaşması gözlənilmədiyi üçün bu kanal vasitəsilə Azərbaycana təsir imkanı yoxdur.
"Amma genişləndirici pul siyasəti davam edərsə, bütün inkişaf etməkdə olan ölkələr kimi, Azərbaycan üçün də ucuz kredit tapmaq, ucuz maliyyə resurslarına çıxmaq baxımından əlverişli imkanlar yarana bilər. Eyni zamanda dolayı şəkildə birbaşa investisiyaların artmasına da gətirib çıxara bilər. Bütövlükdə FED-in qərarının Azərbaycan iqtisadiyyatına ciddi bir təsirinin olacağını düşünmürəm", – deyə ekspert əlavə edib.