BAKI, 19 sentyabr — Sputnik. "Sabah" FK-nın Müşahidə Şurasının (MŞ) növbədənkənar iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasda MŞ-nin sədri Firudin Qurbanov, üzvləri – Rauf Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev, Yaqub Hüseynov və klub prezidenti Maqsud Adıgözəlov iştirak ediblər.
Klub prezidenti yeni baş məşqçi təyin olunana kimi MŞ-nin üzvü, təcrübəli mütəxəssis İqor Ponomaryovun öz təcrübəsi ilə komandaya kömək etməsini təklif edib.
Həm Ponomaryov, həm də MŞ-nin üzvləri bu təklifi müsbət qarşılayıblar. Təcrübəli mütəxəssisin komandaya müvəqqəti baş məşqçi təyin olunması qərara alınıb. Ponomaryov Premyer Liqanın "Sumqayıt"la oyunundan sonra, gələn həftənin bazar ertəsindən müvəqqəti baş məşqçi kimi fəaliyyətə başlayacaq.
Qeyd edək ki, 16 sentyabrda komandanın baş məşqçisi Elşad Əhmədov istefa vermişdi. O, bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək.