CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rahatlığına son qəpiyini xərcləyir, təhlükəsizliyinə “yoxumdur” deyir

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidAvtomobildə dərman qutusu və odsöndürən
Avtomobildə dərman qutusu və odsöndürən - Sputnik Azərbaycan
Abunə olmaq
Çox vaxt avtomobillərdə tələb olunan dərman qutusu və yanğınsöndürən balon olmur, avtomobil sürücülərinin bəziləri bunu maddi imkanlarının olmaması, digərləri qərardan xəbərlərinin olmaması ilə izah edirlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Nazirlər Kabineti "Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı"nın təsdiq edilməsi haqqında qərar verib. Qərarda qeyd edilir ki, sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər.

Sürücü, arxiv şəkli - Sputnik Azərbaycan
Xarici dövlət nömrə nişanlı avtomobil sürücülərinə bəd xəbər

Eyni zamanda nəqliyyat vasitəsində olan dərman qutusunda bu sənədin 1 nömrəli əlavəsində göstərilən tibbi ləvazimatlar və dərman vasitələri, habelə qeyri-tibb işçiləri tərəfindən ilk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası olmalıdır. Həmçinin nəqliyyat vasitələri (minik və yük avtomobilləri, avtobus, təkərli traktor, habelə tramvay və trolleybus) növündən asılı olaraq, bu sənədin 2 nömrəli əlavəsində göstərilən odsöndürənlərlə təmin olunmalıdır.

Qeyd edək ki, çox vaxt yoxlama zamanı avtomobillərdə tələb olunan dərman qutusu və yanğınsöndürən balon olmur. Təəssüf ki, min manatlarla pul verərək avtomobil sürücülərinin bəziləri bunu maddi imkanlarının olmaması ilə izah edirlər. Digər hallarda isə sürücülər qərardan xəbərlərinin olmadığını bəhanə gətirirlər.

Amma necə deyərlər, qanunu bilməmək məsuliyyətdən azad etmir.

Nəqliyyat eksperti Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda avtomobildə komplektləşdirilmiş dərman qutusu və odsöndürən olması qərarı çoxdan var. Sürücülərdən tələb olunur ki, avtomobillərində odsöndürən balon və dərman qutusu olsun. Yeni qərar isə bir qədər təkmilləşdirilib. Qərara əsasən, odsöndürən balonun həcmi artırılıb və 2 litr olaraq müəyyən edilib.

"Bizim sürücülərin böyük əksəriyyəti yanğınsöndürən balondan istifadə qaydalarını bilmir, dərman preparatlarından istifadəyə, ilk yardıma barmaqarası baxır. Hesab edirəm ki, dövlət qurumları bu məsələdə sürücülərlə maarifləndirici iş aparmalıdır. Sürücülər tələb edilən zaman odsöndürən balonlardan, dərman preparatlarından istifadə edib, həyat xilas etməyi öyrənməlidirlər. Dərman qutusunda tələb edilən dərmanlar mütləq şəkildə olmalıdır. Bu qərar insan həyatının önəmi nəzərə alınaraq verilib", – deyə o, bildirib.

Amma Eldəniz Cəfər hesab edir ki, bu məsələyə görə sürücülər incidilməməli, avtomobillərində bu vasitələr olmadığı zaman dərhal cərimə edilməməlidirlər: "Ola bilər ki, sürücü maddi vəziyyətinə görə bu vasitələri əldə edə bilməyib. Düşünürəm ki, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyi imkanı olmayan sürücüləri bu vasitələrlə təmin etməlidir. Dərman preparatlarının istifadəyə yararlılıq müddəti var. Əgər avtomobillərdə dərman qutusunun olması daimi xarakter daşıyacaqsa, onların istifadəyə yararlılıq müddəti də nəzərə alınmalıdır. Və bu işdə Səhiyyə Nazirliyi öz dəstəyini göstərməlidir".

Məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, "Yol hərəkəti haqqında qanunda" ikitəkərli motosikletlər istisna olmaqla, bütün təkərli nəqliyyat vasitələrində dərman qutusunun olması qeyd edilib.

Azərbaycandakı yeganə stimpanker lazımsız avtomobil hissələrindən xariqələr yaradır  - Sputnik Azərbaycan
VİDEO
Azərbaycanda yeganə stimpanker lazımsız avtomobil hissələrindən xariqələr yaradır

R.Quliyevin sözlərinə görə, qanuna əsasən, dərman vasitələri və tibbi əşyaların hamısı istismara yararlı vəziyyətdə olmalıdır. Qeyd edək ki, qutudakı dərmanların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur.

Şöbə rəisi bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 356-cı (Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması) maddəsinə uyğun olaraq, yol hərəkəti təhlükəsizliyinin tibbi təminat qaydalarını pozan sürücülər 10 manat məbləğində cərimə edilir.

"Hər zaman olduğu kimi, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, qayda pozuntusuna yol verməsinlər. Tibbi yardıma ehtiyac üçün dərman qutusu hər bir nəqliyyat vasitələrində olmalıdır", – deyə o, əlavə edib.

Xəbər lenti
0