BAKI, 17 sentyabr — Sputnik. Gənclər Fondu Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən, həyata keçirilən "sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi" üzrə növbəti Müsabiqənin nəticələrini elan edib.
Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, nəticələrə əsasən, ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu tərəfindən qarşılanacaq. Keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması və savadlı, dövlətinə, milli-mənəvi dəyərlərə bağlı gəncliyin yetişdirilməsi, istedadlı gənclərə dövlət qayğısı, eləcə də sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir. Bu istiqamətdə cənab Prezidentin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq, gənclər üçün son illərdə çoxsaylı imkanlar yaradılmış, sosial həssas kateqoriyalardan olan, I və II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, Gənclər Fondu tərəfindən gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin dəstəklənməsi və digər addımlar atılmaqdadır.
Xatırladaq ki, "sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi" üzrə 2018-ci ildə keçirilmiş müsabiqə çərçivəsində 31 dövlət ali təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən qarşılanıb.
Bu il keçirilmiş müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta-ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib.