Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 14 sentyabr — Sputnik. Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Turun açılış matçında "Sumqayıt" dogma divarlar arsında "Zirə"ni qəbul edəcək. Günün digər oyununda isə autsayderlər - "Qəbələ" və "Sabah" meydana çıxacaq.
Turun maraqla gözlənilən oyunu isə sabah keçiriləcək. Belə ki, Ağdam təmsilçisi "Qarabağ" Bakının "Neftçi" klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.30-da başlanacaq bu oyunu hər iki komandanın azarkeşləri səbirsizliklə gözləyirlər. Komandalar arasında güclü olan intriqa ötən mövsümdən sonra daha da kəskinləşib. Belə ki, flaqman öz meydanında keçirilən oyuna rəqib azarkeşlər üçün biletin qiymətini 50 azn təyin etmişdi. Bu da qarabağlıların ciddi narazılığına səbəb olmuşdu. Sabahkı görüşdə adekvat addım atılacağı düşünülsə də, "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl deyilənləri təkzib etdi və biletlərin 1 manatdan satışa çıxarıldığını söylədi. Bununla yanaşı, direktor rəqib komandanın bostanına daş atmağı da unutmayıb: "Bizim azarkeşlərin stadiona gəlməyinə maneə törətməklə gündəmə gəlmək fikrimiz yoxdur",
Klublar arasında daha bir qalmaqallı məsələ isə Haiti millisinin oyunçusu Donald Gerye ilə bağlıdır. Məlumdur ki, futbolçu iki il "Qarabağ"da oynasa da, gözlənilməz addım ataraq bu günlərdə "Neftçi"yə keçdi. Hələ Çempionlar Liqasının təsnifat oyunları başlamamışdan öncə "Qarabağ"ı tərk etməsinə baxmayaraq "köhlən atlar"ın heyətinə dönəcəyini söz verən Gerye vədinə xilaf çıxdı. Sözünün üstə durmaması və qeyri-ciddi davranışına görə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov ondan imtina etdi. Çox güman ki, futbolçu elə ilk oyununa mərkəzi qarşılaşmada çıxacaq.
Qeyd edək ki, "Qarabağ" – "Neftçi" oyununu Əliyar Ağayev idarə edəcək. Ona bu işdə Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov yardımçı olacaqlar.