İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 13 sentyabr — Sputnik. Bir neçə gün öncə Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin iş yerlərinin standartları"nı təsdiq edib. Standartlarda əlilliyi olan şəxslərin iş yerlərinin şəraiti müəyyənləşdirilib.
Həmçinin qeyd edilib ki, iş zamanı əmək şəraitinin gərginliyi və fasiləsiz müşahidə növbə müddətinin 25%-dən artıq olmamalıdır. İş yerində hava (temperaturu, rütubəti, hava cərəyanının sürəti, zərərli maddələrin olması) mütənasib əmək şəraitinə uyğun olmalıdır.
Binalarda dəhlizlərin eni 1,8 m-dən, qapıların girişinin eni 0,9 m-dən az olmamalıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkədə 620 minə yaxın əlilliyi olan şəxs var. Cari ilin ötən dövrü ərzində onlardan 1716 nəfərin məşğulluğu təmin edilib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında Nazirlər Kabinetinin qərarını əhəmiyyətli hesab etdiyini deyib.
O, qeyd edib ki, əlilliyi olan şəxslərin iş yerlərinin standartları bu günə qədər olmayıb:
"Artıq bununla bağlı yeni bir qərar var. Qərarın necə həyata keçiriləcəyi isə hələ sual altındadır. Çünki əlilliyi olan şəxslər iş yerinə gəlib çatana qədər 4-5 standart hazırlanmalıdır. Buraya yaşayış binalarının əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması standartı, ictimai nəqliyyatın, dayanacaqların, səkilərin əlillər üçün uyğunlaşdırılması standartı və s. daxildir. Yəni bu standartlar olmalıdır ki, əlilliyi olan şəxs gəlib iş yerinin qarşısına çıxa bilsin. İş yerinə çatandan sonra onun iş yerinin standartları vacibdir".
S.Məmmədov əlavə edib ki, ötən il əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına dair qərar qəbul edilib. Buna əsasən isə Nazirlər Kabineti qərar verib: "Ancaq bu qərarın necə yerinə yetiriləcəyi sual altındadır".
Əlilliyi olan şəxslərin məşğulluğuna gəldikdə isə Məmmədov vurğulayıb ki, onların məşğulluq səviyyəsi çox aşağıdır.
Digər tərəfdən isə əlilliyi olan şəxslərin bir qismi əlil arabalarından istifadə edir. Bir çox işəgötürənlər isə binada qapıların, liftlərin, mərtəbələrin əlil arabalarına uyğun olmadığını əsas gətirirlər.
"Artıq standartlar var, necə işləyəcəyi isə müəmmalıdır. Onu da qeyd edim ki, əlilliyi olan şəxslərin işlə təmin edilməsi 5-10 faizi keçmir. Müəyyən kvota olsa da, kvotaya əməl edilmir", - deyə Məmmədov bildirib.