CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deməyə utandığımız "məsələ" - yaxşılıq etdiklərimizin hisslərilə necə oynadıq

CC0 / stevepb / WheelchairƏlil arabası, arxiv şəkli
Əlil arabası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Oteldə əlilliyi olan şəxslər üçün ayaqyolu olsa da, həmin yerdən anbar, yaxud da başqa məqsədlər üçün istifadə olunurdu" - Murad Məmmədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Fiziki məhdudiyyəti olduğu üçün əlil arabasına möhtac şəxslər yollarda, ictimai nəqliyyatda, eləcə də iaşə obyektlərində çoxsaylı maneələrlə qarşılaşırlar. Hətta otellərdə, iri ticarət mərkəzlərində də eynitipli maneələr gəzmə, yerimə məhdudiyyəti olan şəxslər üçün müəyyən problemlər yaradır. Bu isə nəticədə cəmiyyətə inteqrasiya etməyə çalışdığımız fiziki məhdudiyyətli şəxsləri qapalı həyat keçirməyə vadar edir.

Входная дверь в одной из квартир жилого дома, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Baş Nazir ev növbəsində olan əlillərlə bağlı qərar imzaladı

Əslində onların rahatlığı üçün nəzərdə tutulan işlərdən fiziki məhdudiyyətli şəxslər çox vaxt narazı qaldıqlarını deyirlər. Amma bununla belə, əlil arabasında olan şəxslərin rahat hərəkəti üçün bu gün bəzi layihələrin gerçəkləşdiyini danmaq mümkünsüzdür.

Xüsusən də onların bir nömrəli problem saydıqları ictimai nəqliyyatdan istifadə etmələri üçün bir sıra addımlar atılıb. Bu istiqamətdə olan mövcud çətinlikləri aradan qaldırmaq üçün həm "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, həm də Bakı Nəqliyyat Agentliyi müəyyən işlər görüb.

Tək əllə düzənlər, şüşə parçalarla xarüqələr yaradan sənətkarların izində>>

Məsələn, bir neçə ay öncə "Bakı Metropoliteni" QSC "Əlçatan metro" layihəsini təqdim etdi. Layihənin məqsədi "Bakı Metropoliteni"ni əlil arabasından istifadə edənlərə daha da əlçatan etməkdir. Bu məqsədlə 10 nəfərdən ibarət işçi qrupu yaradılıb. Layihəyə görə, iki mobil işçi qrupu sifarişi qəbul etdikdən sonra sərnişini stansiyanın girişində qarşılayaraq, onu sifarişdə qeyd etdiyi stansiyanı tərk edənə qədər müşayiət edir. Hər sifarişin icrasını ən azı iki işçi yerinə yetirir. Bu xidmətdən yararlanmaq isə çətin deyil. Belə ki, sərnişin təxminən 1 saat öncə +994 50 268 00 65 nömrəsi (yaxud da https://play.google.com/store/apps/details?id=az.besmobile.metro mobil tətbiqindən istifadə etməklə) ilə əlaqə saxlayaraq sifarişini verir.

Görülən işlərin qaneedici olub-olmaması və görülməli olan işlər haqda fiziki məhdudiyyətli Murad Məmmədov fikirlərini Sputnik Azərbaycan-la bölüşdü. O da əlil arabasında şəhərdə hərəkət zamanı müxtəlif problemlərlə qarşılaşan şəxslərdəndir. M.Məmmədov deyir ki, bir mənzildən digərinə gedərkən müxtəlif maneələrlə üzləşir: "Bunun da səbəbi əksər yerlərdə ümumiyyətlə pandusların olmamasıdır. Digər problem isə ondadır ki, pandus var, amma maililiyi səhvdir. Əslində, bildiyim qədərilə, maililik 11-12 faiz olmalıdır".

© Facebook / Murad MammadovMurad Məmmədov
Deməyə utandığımız məsələ - yaxşılıq etdiklərimizin hisslərilə necə oynadıq - Sputnik Azərbaycan
Murad Məmmədov

Onun sözlərinə görə, piyada keçidlərində də pandusların olmaması müxtəlif maneələr yaradır.

Amma problem saymaqla bitmir. Murad deyir ki, müxtəlif iaşə obyektlərində, otellərdə əlil arabasına möhtac şəxslər üçün ayaqyoluların olmaması, yaxud da formal olaraq mövcudluğu da bir başqa problemdir:

"Müasir otellərin bəzilərində əlilliyi olan şəxslər üçün şərait var. Lakin təəssüf ki, onlardan lazımınca istifadə olunmur. Ötən dəfə otellərin birində idim. Orada əlilliyi olan şəxslər üçün ayaqyolu olsa da, həmin yerdən anbar, yaxud da başqa məqsədlər üçün istifadə olunurdu. Əlilliyi olan şəxslərin rahatlığı üçün sadəcə olaraq uyğun bir şəraitin yaradılması vacibdir. Yəni məhdudiyyəti olan şəxsin rahat idarəetməsi üçün ayaqyolulara dəmir tutacaqlar qoyulmalı, oradakı əlüzyuyanlardan biri aşağıda olmalıdır".

Yaşayış binalarında, onların qarşısında da bu və oxşar problemlər qaçınılmazdır: "Ümumiyyətlə, müasir tikililərin bəziləri istisna olmaqla köhnələrin heç birində əlilliyi olan şəxslər üçün ayaqyolu yoxdur. Lakin binalardakı tək problem bu deyil. Yaşayış binalarının liftləri bizim kimi şəxslər üçün çox əlverişsizdir. 5 mərtəbəli köhnə binalar var ki, onlarda ümumiyyətlə lift yoxdur. 9 mərtəbəli köhnə binalarda isə liftlər tez-tez xarab olur. Bundan başqa, blokların giriş və çıxışlarında da əlil arabalarının hərəkəti üçün imkan yoxdur".

"Böyük ticarət mərkəzlərində, yəni "mall"larda əlilliyi olan şəxslər üçün şərait yaradılıb. Lakin burada da əsas problem həmin ayrılmış yerlərin, yəni ayaqyoluların aidiyyəti üzrə istifadə olunmamasındadır. Dəfələrlə olub ki, belə otaqlardan başqalarının istifadə etdiyinin şahidi olmuşam. Bəzi yerlərdə isə həmin otaqlarda siqaret çəkirlər", - deyə o əlavə edib.

M.Məmmədov ictimai nəqliyyatdan da danışıb. O deyir ki, bu gün panduslu avtobuslar, demək olar ki, şəhərin yalnız mərkəzi hissələrində hərəkət edir: "Təəssüf ki, belə avtobuslar sərnişinlə dolu olduğu üçün araba ilə minmək çətinlik yaradır. Şəhərdən kənar xətlər üzrə fəaliyyət göstərən panduslu avtobusların sayı isə azdır".

Yuxarıda haqqında danışdığımız "Əlçatan metro" xidmətini isə həmsöhbətimiz o qədər də xoş qarşılamır: "Bu layihə ilə bağlı hazırlanan videoçarx əlilliyi olan şəxsin asılı olduğunu göstərir. Halbuki, biz hər zaman müstəqilliyin tərəfdarı olmuşuq. Ümumiyyətlə, həmin təqdimat, yaranan mənzərə çox pisdir. Düşünürəm ki, əlil şəxsin qaldırıcının üzərinə çıxarılması, başqa şəxslər tərəfindən köməkliklə aparılması heç də xoş mənzərə deyil".

O, bir neçə yerdə işləyib ailəsini dolandırır - Məhdudiyyətlə barışmayan iki uşaq atası>>

"Hazırda şəxsi avtomobilim var, bu səbəbdən də həmin xidmətdən istifadə etmirəm. Lakin məncə, bu xidmətin əsas çatışmazlıqlarından biri sifarişin ən azı bir saat öncə verilməsidir. Bu isə o deməkdir ki, həmin şəxsə təcili olaraq zəng gəlsə, təcili olaraq harayasa getməli olsa, o ya bir saat gözləməli, ya da bu xidmətdən imtina etməli olacaq. Amma əminəm ki, indi zəng etsək belə, o xidmətdən deyiləcək ki, bir neçə saat sonra əlaqə saxlayın. Yəni mobilliyin olmaması problemdir", - deyə M.Məmmədov əlavə edib.

O, bu cür arabaları qaldıran vasitələrin sayında da məhdudiyyət olduğunu deyir: "Onların sayı 2-3 ədəddir. Bu isə o deməkdir ki, eyni anda 10 əlil şəxs müraciət etsə, onların əksəriyyətinin sorğusu cavabsız qalacaq".

Təcrübə üçün yoxlamağı qərara aldıq, yəni +994 50 268 00 65-ə zəng etdik. Əlaqə saxladığımız nömrədən bildirildi ki, sifariş üçün lazım olan müddətdən artıq gözləməyəcəyik.

Görmə qabiliyyətinin 90 faizindən məhrum olmuş Aysel Əlizadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Himnlə məşhurlaşan Aysel: "Telekanallar bizdən pul tələb edir" - VİDEO

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov isə "Əlçatan metro" layihəsi üçün metropolitenin mobil qruplarının 5 ehtiyat əlil arabası ilə təmin olunduğunu söyləyir: "Zərurət yarandıqda ehtiyacı olan sərnişinlər metropoliten stansiyalarının hüdudlarında bu vasitədən faydalana bilərlər".

Xüsusi mobil işçi qrupları yaradıldığından "Bakı Metropoliteni" QSC rəhbərliyi onların müşayiət xidmətindən istifadə edə biləcək sərnişinlərin kateqoriyasını genişləndirmək qərarına gəlib. Bu sıraya əsa və qoltuq ağaclarından istifadə edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabaları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar da daxil ediliblər.

Diqqətə alınmalı bir məqam da qeyd olunmalıdır. Təhlükəsizliyin təmin edilməsi metropolitendə ən əsas vəzifə olduğundan sərnişin axınının xüsusi gur saatlarında (07:00-dan 09:30-dək və 17:30-dan 19:30-dək) sifarişlər üzrə daşınma həyata keçirilməyəcək.

Hazırda metropolitenin bütün qatar tərkiblərində əlil arabaları üçün yerlərin quraşdırıldığını deyən B.Məmmədov martın sonlarından etibarən start verilən "Əlçatan metro" layihəsinə görə həftəlik olaraq 10-15 sifarişin daxil olduğunu vurğulayır: "Hətta artıq bu sərnişinlər arasında daimi olaraq bu xidmətdən istifadə edənlər də var. Bu bizim tərəfimizdən atılan ilk addımdır. Əlbəttə ki, gələcəkdə də bu layihəyə görə yeni işlər görüləcək. Lakin hələlik, metropolitenin imkanlarını nəzərə alsaq, bu variantın ən optimal olduğunu deyə bilərəm".

"Yeni, yəni bənövşəyi xətlərdə isə belə şəxslər üçün artıq liftlər də olacaq. Həmin stansiyalardan ikisi artıq fəaliyyət göstərir. Yəni metronun "Memar Əcəmi" və "Avtovağzal" stansiyalarında həmin liftlərdən var. Biz bu cür şəxslərin rahatlığı üçün texnoloji inkişafı yaxından izləyirik. Hansısa yenilik olarsa, onun tətbiqi mümkün olarsa, o zaman biz bunu reallaşdıracağıq. Lakin bir məsələ də var ki, hər bir yeniliyin metropolitenin infrastrukturuna uyğun olması vacibdir".

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəqliyyatda əlçatanlığın olması onların qarşısına qoyulan əsas məqsədlərdəndir: "Bu istiqamətdə ötən dövrdə BNA tərəfindən mühüm işlər görülüb ki, bunların da bəziləri şəhər nəqliyyatı sistemində bir ilkdir. Buna misal olaraq piyada keçidlərində (yəni zebralarda) pandusların quraşdırılmasına başlanıldı. 

Amid Həsənquliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
İkinci həyatını yaşayan ixtiraçı: "Mənə elə baxma"
Artıq şəhərin mərkəzi hissəsində bu işlər, demək olar ki, yekunlaşıb. Eyni zamanda gözdən əlil vətəndaşlarımızın piyada keçidlərindən rahat və təhlükəsiz istifadəsi üçün hiss olunan xüsusi plitələr düzülüb. Gələcəkdə ideal səki layihəsi çərçivəsində bütün səkilərdə bu cür plitələrin olması planlaşdırılır".

"Eyni zamanda işıqforlarda səs siqnallarının quraşdırılması üçün iş aparılır. Eyni ilə sərnişindaşımada da müəyyən işlər görülür. Bildiyiniz kimi, avtobuslarla bağlı tələblər müəyyən edilib. Bu tələblərdə əksini tapan vacib məsələlərdən biri avtobuslarda fiziki imkanları məhdud şərnişinlər üçün əlçatanlığın olmasıdır. Hazırda "BakuBus"ın bütün avtobuslarında, eləcə də bir sıra daşıyıcılar tərəfindən gətirilən bütün yeni avtobuslarda əlil arabasının avtobusa mindirilib-düşürülməsinə imkan verən xüsusi mexanizmlər var. Bundan sonra gətirilən bütün avtobuslarda da bu mexanizimlərin olması vacibdir. Bir sözlə, məqsədimiz bütün vətəndaşlara, o cümlədən fiziki imkanları məhdud şəxslərə, layiqli nəqliyyat xidmətlərinin göstərilməsidir", - deyə M.Ağayev əlavə edib.

Xəbər lenti
0