BAKI, 12 sentyabr — Sputnik. Azərbaycanda yeni teatr mövsümünün açılışına sayılı günlər qalıb. Artıq bir neçə teatr bununla bağlı ilk açıqlamalarını verib. Ötən il olduğu kimi, bu il də tamaşaçılar bir-birindən fərqli səhnə əsərlərini izləyə biləcəklər.
Sputnik Azərbaycan xəbər verir ki, oktyabrın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Patrik Zyuskindin "Kontrabas" tragikomediyası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın Xalq artisti İrina Perlovadır. Səhnə əsərində kontrabasçı rolunu Azərbaycanın və Rusiyanın Kalmıkiya Respublikasının Əməkdar artisti Şövqü Hüseynov ifa edəcək.
"Kontrabas" XX əsrin ən böyük nasirlərindən biri - Patrik Zyuskind tərəfindən yazılıb. Bu, intellektual, fəlsəfi və özünə istehza notları ilə son dərəcə zəngin nəsr əsəridir.
Teatrda Y.Etin və V.Livanovun "Bremen musiqiçiləri" pyesi əsasında hazırlanan eyniadlı tamaşa isə oktyabrın 13-də rus dilində təqdim ediləcək.
Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsərində quruluşçu rəssam Telman Şıxıyev, musiqi tərtibatı isə İradə Muradovadır.
Rejissoru Gülnar Hacıyeva olan tamaşada rolları aktyorlar Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov və başqaları ifa edəcəklər.
Yaşamaq naminə döyüşmək: Azərbaycanlı aktyorlar "Rinq"də əsl döyüş təşkil ediblər>>
"Bremen musiqiçiləri" iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır.
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni mövsüm 4 oktyabr tarixində start götürəcək.