BAKI, 10 sentyabr — Sputnik. Xorvatiya mətbuatında Azərbaycanla oyun haqqında maraqlı fikirlər yer alıb. Sputnik Azərbaycan xəbər verir ki, Rusiyanın ÇSKA klubunun və Xorvatiyanın hücuma meylli yarımmüdafiəçisi Nikola Vlaşiç barədə fikirlərin yer aldığı yazıda bildirilir ki, futbolçu Slovakiya ilə oyunda gözəl oyun sərgiləsə də, Bakıda özünü göstərə bilməyib.
O, matçdan sonra hesaba təəccüblənib və itirilmiş xallara heyfslənib. Oyun zamanı Vlaşiçin qol vurmaq üçün bir neçə şansı olsa da, istəyini reallaşdıra bilməyib.
Futbolçu açıqlamasında oyunla bağlı deyib: "Əslində, bu qarşılaşma bizim üçün asan olmalı idi. Üç xalı rahatlıqla əldə edəcəyimizi düşünürdük. Amma Azərbaycan bizlə daha rahat şəkildə oynadı. Qapımızdan top keçirən futbolçu isə sanki Messi idi."
Qeyd edək ki, Azərbaycan milli yığma komandası Bakıda doğma divarlar arasında dünya ikincisi olan xorvatlarla 1:1 hesabı ilə bərabərə qalıb. Komandamızdan vurulan qolun müəllifi isə Təmkin Xəlilzadə olub.