Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 8 sentyabr — Sputnik. Bu gün bir sıra Avropa ölkələri narkotik vasitələrin satışını qanuniləşdirir. Portuqaliya hökumətinin bu istiqamətdə atdığı addım isə digər ölkələr tərəfindən də maraqla qarşılanıb.
Belə ki, artıq dünyanın bir çox ölkələrinin, o cümlədən Norveçin də yararlandığı bu təcrübəyə görə, narkotik vasitələrin satışının qanuniləşdirilməsi ilə yanaşı, bu zərərli vərdişə aludə olan şəxslərə verilə biləcək cəzalar da aradan qalxır. Həmin ölkələr onların yenidən sağlam həyata qovuşmaları üçün müxtəlif yeni proqramlar işləyib hazırlayır. Təcrübələr bu cür sağlamlıq proqramlarının çox faydalı olduğunu, monitorinqlər isə nəticə etibarilə bu bəlaya düçar olanlar və ondan dünyasını dəyişənlər arasında ölüm rəqəmlərinin də azaldığını göstərir.
Maraqlıdır, digər ölkələrdə özünü rəsdiqləyən qanun ölkəmizdə də qəbul oluna bilərmi və bunun qəbul olunması üçün qarşıdakı maneələr nədən ibarətdir?
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bənzər bir addımın ölkəmizdə atılmasının mümkün olmadığını deyib:
“Çünki xarici ölkələrdə narkotikdən müalicə infrastrukturu kifayət qədər yüksək səviyyədə qurulub. Ona görə bu cür ölkələrdə atılan addımlar daha uğurla həyata keçirilir və həmin ölkələrdə həbsxanalar belə şəxslərlə doldurulmur. Bizdə isə həbsxanaların, demək olar ki, xeyli hissəsində narkomanlar yatırlar. Əlbəttə, bu üzücü halın gələcək üçün mənfi proqnozlarını indidən vermək mümkündür. Bu baxımdan düşünürəm ki, Azərbayanda problemə fərqli baxılmalıdır”.
“Müalicəyə ehtiyacı olanları müalicəyə, həbsə ehtiyacı olanları isə həbsə göndərmək lazımdır. Narkotik aludəçisidir deyə hamını həbsə salmaq yanlışdır. İlkin olaraq buna bir xəstəlik kimi baxılmalıdır. Ona görə bu kimi problemlər həll olunmadan narkotiklərin açıq şəkildə satılması təhsil səviyyəsi aşağı olan cəmiyyətlərdə narkotikə meylliyi kütləvi şəkildə artıracaq. Baxmayaraq ki, mövcud qadağalar şəxsləri bu kimi vərdişlərdən uzaqlaşdırır. Bu səbəbdən də düşünürəm ki, Azərbaycanda hələ ki, belə bir qanun layihəsinin qəbuluna zəmin yoxdur”, - deyə o, əlavə edib.
F.Mustafa maneələrin aradan qaldırılması, bu istiqamətdəki problemlərin həlli üçün narkotikdən müalicə infrastrukturunun yaradılaraq genişləndirilməsinə ehtiyac olduğunu bildirib: “Beynəlxalq standartlara uyğun olaraq belə şəxslərin müalicəsinə əməl edilən mexanizmlər yaradılmalıdır”.
Narkoloji Dispanserin rəhbəri Araz Manuçərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xarici ölkələrin bu təcrübəsini birmənalı qarşılamaq olmaz: “Çünki narkomaniya ilə mübarizə yalnız təbabətin işi deyil. Bunun üçün nazirliklərin birgə işi, əməyi olmalı, ümumi strategiya formalaşmalı və ekspertlər bir yerə toplanmalıdır. Düşünürəm ki, gec, ya tez şərti olaraq yüngül adlandırdığımız hansısa narkotik maddələrin satışı müəyyən formada leqallaşacaq. Əlbəttə, bu leqallıq qabardılmış bir formada əksini tapmayacaq”.
Narkomanların xüsusi insanlar olduğunu, bu səbəbdən onlarla dil tapmağın çətinliyini dilə gətirən mütəxəssis digər nüanslara da toxunub. O, narkomanların xəstəxana şəraitində müalicəsi üçün büdcədən ayrılan vəsaitlərdən danışaraq atılması vacib olan addımlardan söz açır: “Xaricdə xəstələrə sistem qoşulmur, onların qanı təmizlənmir. Bizdə isə gəlib deyirlər ki, həkim bunun qanını yu, yumasanız, düzəlməyəcək. Məgər qan yumaqla narkomaniya aradan qalxır? Bizim ölkədəki kimi narkomanlara olan yanaşma başqa ölkələrdə yoxdur. Biz daha humanistik. Lakin həyat onu göstərir ki, həmin şəxslər xəstəxananı tərk etdikdən sonra reabilitasiyadan keçmədikdə yenidən əvvələ qayıdırlar. Bunun üçün reabilitasiya proqramları olmalı və bu işə mütəxəssislər cəlb olunmalıdırlar. Bu cür proqramlara ordan-burdan gələn şəxslər cəlb olunmamalıdırlar. Amma maraqlananda görürəm ki, kənardan gələn şəxslər bu işdə çalışırlar”.
“Bir çox Avropa ölkələrində narkomanlar Azərbaycandakı belə xəstələr kimi müalicə almırlar, onların, demək olar ki, belə narkoloji dispanserləri də yoxdur. Belə dispanserlərə müraciət edən xəstələrə sadəcə olaraq əvəzedici, yəni yuxugətirici dərmanlar verilir. Həmin ölkələrdə Azərbaycanda olduğu kimi böyük mərkəzlər də qurulmur. Bu ölkələr xəstələrə dərmanlar vermək, onlara sistemlər qoşmaq və digər bu kimi məsələlər üçün pul ayırmaq əvəzinə, həmin vəsaiti elmi tədqiqat institutlarının fəaliyyətinə yönəldirlər”, - deyə o əlavə edib.
A.Manuçərov bildirib ki, bu cür ölkələrdə belə xəstələri xəstəxanaya yerləşdirməyə, onları günlərlə orada saxlamağa gərək olmur: “Çünki belə şəxslər xəstəxanadan çıxdıqdan sonra yenidən o yola qurşanırlar. Həmin ölkələr narkomaniya ilə mübarizə aparmaq üçün böyük reabilitasiya mərkəzləri yaradırlar. Belə ölkələrdə ayrılan vəsait reabilitasiya mərkəzlərinə, sosial işçilərin fəaliyyətinə yönəldilir. Çünki xəstəyə beş sistem qoşmaqla heç nəyi həll etmək mümkün deyil. Bu səbəbdən də düşünürəm ki, yalnız bu mərhələləri keçdikdən sonra leqallaşma məsələsi gündəmdə ola bilər”.
O bildirib ki, xaricdə olan belə reabilitasiya mərkəzlərində xəstələrə dərmanlar verilmir, orada psixoloqlar gecə-gündüz bu cür şəxslərin üzərində işləyir, onları xüsusi psixoloji müayinələrdən keçirirlər:
“Hətta xarici ölkələrdə bu cür şəxslərlə danışanlar arasında öncələr narkoman həyatı yaşayanlar da olub. Onlar bu bəladan xilas olmaq üçün bu cür şəxslərə kömək etsələr də, heç zaman mütəxəssis qismində çıxış edə bilməzlər. Əsas problemlərdən biri də bu kimi məsələlərdə heç kəsin mütəxəssislərlə məsləhətləşməməsidir”.
Bununla belə, A.Manuçərov söhbət əsnasında Azərbaycanda bu cür xəstələrin müalicəsinin yaxşı, yaxud da pis olması ilə bağlı dəqiq bir fikir açıqlamayıb: “Müxtəlif xarici ölkələrdə oluram. Onu deyə bilərəm ki, bizdə aparılan müalicə, demək olar ki, dünyanın heç bir ölkəsində aparılmır. Lakin onlar bizə təəccüblə baxırlar. Mən demirəm ki, bizim müalicəmiz pisdir. Yox, sadəcə olaraq bizim müalicə üsulumuz xarici ölkələrdən fərqlidir. Bunun yaxşı, yaxud da pis olduğunu deyə bilmərəm. Yaxşı, ya da pis olduğunu nəticə göstərir”.
Onun sözlərinə görə, bu bəladan birdəfəlik xilas olmaq mümkün deyil: “Başqa ölkələrin təcrübəsi də onu göstərir ki, bu, müddətli bir prosesdir. Cəmiyyətimiz, cəmiyyətin düşüncəsi də bu prosesə hazır olmalıdır. Bir cəmiyyətdə ki, hələ də cavan oğlanın şortda küçədə gəzə bilib-bilməməsi müzakirə olunursa, bu zaman biz nədən danışırıq? Qlobal problemləri kənara qoyaraq şort kimi gülməli olan nələrisə müzakirə edirik. Belə bir qanun qəbul olunarsa, o zaman, "siz cəmiyyəti narkoman etmək istəyirsiniz" kimi düşüncələrin də ortaya atılacağı mümkündür. O səbəbdən düşünürəm ki, Azərbaycanda belə bir qanun layihəsinin qəbulu tezdir”.
Araz Manuçərov bu cür qanun layihəsinin hazırlanması və onun qüvvəyə minməsi üçün qanunvericilikdə, elə səhiyyədə də çox dəyişikliklərin edilməsinə ehtiyac duyulduğunu vurğulayır və qeyd edir ki, bunun üçün müalicə üsullarını, standartları dəyişməyə ehtiyac var.
Narkobaron həbsxanadan qaçmaq üçün "qadın oldu" - VİDEO>>
O, Azərbaycanda fəaliyyət göstərən bir neçə belə reabilitasiya mərkəzinin fəaliyyətini də qiymətləndirərək mövcud çatışmazlıqlardan da danışıb: “Azərbaycanda bir-iki özəl reabilitasiya mərkəzi var ki, burada qalmaq üçün xəstələrin vəsaiti yoxdur. Bu cür müəssisələrdə çalışan belə mütəxəssislərin sayının çox az olması bizim üçün əsas problemdir. Bu cür şəxslərin yetişdirilməsi üçün cavanlar müəyyən kurslara cəlb olunmalıdırlar. Psixoterapevtik üsullardan istifadə öyrədilməlidir. Amma bir sual da yaranır, bəs bu cür cavanlar harada belə kurslara cəlb olunsunlar? Bu həqiqətdir ki, Azərbaycanda psixoterapiya elmi son illərdə baş qaldırıb. Azərbaycanda 1-2 güclü psixoterapevt tapmaq olar ki, onlar da öz işləri ilə məşğuldurlar. Yəni demək olar ki, ölkəmizdə psixoterapiya institutu yoxdur. Ona görə də bu cür şəxsləri xaricə göndərmək gərək olur. Lakin bu zaman da həmin şəxslərin təhsil üçün xaricə getməsinə zərurət yaranır ki, bu da bir başqa problemdir. Şəxs əgər öz cibindən təhsili üçün pul xərcləmək məcburiyyətində qalırsa, bu zaman düşünəcək ki, qoyduğu pulu sonradan geri ala biləcəkmi, ya yox”.
“Təbabətin elə sahələri var ki, orada təhsil üçün sərf olunan pulları geri qaytarmaq mümkün olur. Məsələn, ginekologiya, stomatologiya kimi sahələri buna misal olaraq çəkmək olar. Amma psixiatriya, narkomaniyadan müalicə üçün müvafiq sahələrə qoyulan pulu götürmək mümkün deyil. Lakin bu sahədə görülən işlər cəmiyyətin, gələcəyin perspektivi üçün faydalıdır. Əlbəttə, narkomansız nəslin gəlməsi ilə biz bunun nəticəsini 20-30 il sonra görə bilərik”, - deyə o əlavə edib.
O bildirib ki, reabilitasiya mərkəzinə işçiləri yığmaq da asan məsələ deyil. Çünki buraya küçədən keçəni deyil, mütəxəssisi, təcrübəli şəxsləri cəlb etmək lazımdır. Lakin bir məsələ də var ki, buraya cəlb etmək istədiyimiz şəxslərin hərəsi bir şey deyir. Deyirlər ki, yol çox uzaqdır, buraya gəlmək üçün kifayət qədər vəsaitimiz çıxır.
Qeyd edək ki, Azərbaycanda bu cür xəstələrin metadonla müalicəsi də mövcuddur. Opiat narkotiklər qrupuna daxil olan metadon əvəzedici olmaqla zərəri azaldan müalicə vasitəsidir. Hökumət tərəfindən pulsuz verilən bu vasitələrlə bir narkotik digəri ilə əvəz edilir. Bu proqrama qoşulmaq üçün əsas şərt isə ondan ibarətdir ki, xəstə başqa narkotik vasitə qəbul etməsin, satmasın.
A.Manuçərovun sözlərinə görə, hazırda bu proqrama görə, qeydiyyatda olan xəstələrin ümumi sayı 500 nəfərdir. Həmsöhbətimiz digər statistik rəqəmləri də açıqlayıb: “Ötən il respublika üzrə belə xəstələrin ümumi sayı 32 min olub. Lakin bununla belə ölkədə belə xəstələrin sayının azaldığını düşünmürəm. Amma digər ölkələrlə müqayisədə deyə bilərik ki, Azərbaycan bu sırada rəqəmlərə görə son yerlərdədir. Narkoloji Dispanserlə bağlı rəqəmlərə gəldikdə isə, onu deyə bilərəm ki, gündəlik olaraq xəstəxanada 300-dək xəstə yatır”.
Görünən isə budur ki, hələlik Azərbaycanda belə bir qanun layihəsinin hazırlanması və onun qəbulu gözlənilməzdir.