BAKI, 5 sentyabr — Sputnik. Türkiyə sentyabrın sonunadək Suriyada "təhlükəsizlik zonası" yaratmağa başlamaq niyyətindədir. Sputnik Azərbaycan Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Onun sözlərinə görə, "təhlükəsizlik zonası" Fərat çayından şərqdə olan əraziləri əhatə edəcək.
Ərdoğan sözügedən "təhlükəsizlik zonası"nda ən azı bir milyon qaçqının yerləşdiriləcəyini bildirib.
O, həmçinin qeyd edib ki, ölkə öz sərhədlərini qaçqınlar üçün açmaq məcburiyyətində qala bilər: "Qapıları açmaq məcburiyyətində qala bilərik. Bu yükü təkbaşına daşımalıyıq? Bizə qaçqın yükünün bölüşdürülməsi məsələsində Avropa İttifaqı da başda olmaqla lazımi səviyyədə beynəlxalq dəstək verilməyib. Ankara lazımi dəstəyi ala bilmək üçün bu addımı atmaq məcburiyyətində qala bilər", - prezident deyib.
O qeyd edib ki, sanksiya təhdidləri Türkiyəni qorxutmur və ölkəni öz planlarından dönməyə məcbur edə bilməz: "Tam əksinə, təzyiqlər Ankaranın qətiyyətini möhkəmləndirəcək".