Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 5 sentyabr — Sputnik. Bakıda 26 yaşlı ana övladını dünyaya gətirdikdən bir neçə saat sonra dünyasını dəyişib. Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə iki gün öncə, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 7 saylı Doğum Evində baş verib. Belə ki, Qusar rayonu, Yuxarı Kalunxur kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 26, mənzil 85-də yaşayan Muradova Aygün Adil qızı 02.09.2019-cu ildə, saat 12:55-də 37 həftəlik hamiləlik, baş gəlişi, I dövr diaqnozu ilə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 7 saylı Doğum Evinə müraciət edib. Məlumata görə, həmin gün, saat 15:15-də qız övladını dünyaya gətirən ana 03.09.2019-cu ildə, gecə 3 radələrində vəfat edib. Xəstənin ürək çatışmazlığı diaqnozundan dünyasını dəyişdiyi bildirilir.
Meyit daxili müayinə edilməsi üçün morqa göndərilib, ona baxış keçirilərək məhkəmə-tibbi ekspertiza təyin edilib. Fakta görə Bakı şəhəri Nizami rayon Prokrorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2 maddəsi ilə cinayət işi başlanılıb.
Dünyasını dəyişən şəxslə bağlı sosial şəbəkələrdə, qrupların birində paylaşılan məlumatda da qadının ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib. Belə ki, ailənin yaxını olan şəxs qadının ölümündə onun ailəsinin təqsirli olduğunu bildirib: "Heç kim gəlini xəstəxanaya aparmırdı. Qadın özü həmişə deyirdi ki, ürəyim ağrıyır. Ona görə də qadının halı qəfildən pisləşib və uşaq yarımçıq doğulub. Özü isə səhərə yaxın saatlarda keçinib. Bu hadisədə qadının qaynanası və həyat yoldaşı günahkardır. Körpəsi yetim qaldı. Nəşini isə səhər doğulduğu rayona apardılar".
Doğulan körpənin durumunun isə yaxşı olmadığı, onun küvezdə saxlanıldığı bildirilib. Adıçəkilən xəsətəxana ilə əlaqə saxlayaraq körpənin vəziyyəti haqda məlumat almaq istəsək də, bizə bu haqda informasiya verməkdən imtina etdilər.
Bu və buna bənzər arzuolunmaz halların baş verməməsi üçün ana olmağa hazırlaşan qadınlar səhhətlərinə və doğulacaq körpələrinin həyatlarına görə çox diqqətli və məsuliyyətli olmalıdırlar. Elə həmsöhbətimiz, respublikanın baş ginekoloqu Sevinc Məmmədova da Sputnik Azərbaycan-a açıqlamasında bunu təsdiqlədi. O, dünyasını dəyişən qadına aid bir sıra məlumatlarla tanış olduğunu da bildirdi: "Qadının valideynləri, ailəsi, həyat yoldaşı dünyasını dəyişən şəxsdə göyərmələr, təngnəfəsliyin olduğunu deyirdilər. Bununla belə etiraf edirdilər ki, bir dəfə də olsa bu qadını həkimə aparmayıblar. Artıq həmin qadınla bağlı bütün rəsmi məlumatlar Səhiyyə Nazirliyinə təqdim olunub. Sənədlər təqdim olunduqdan sonra ana ölümünün səbəbi təhlil olunacaq və yol verilən səhvlər varsa, onlar aşakarlanacaq və buna müvafiq olaraq da cəzalar veriləcək.
Ümumi vəziyyətdən, alınan fikirlərdən ilkin olaraq belə qənaətə gəlmək olar ki, xəstənin dünyasını dəyişməsində ilk olaraq ailəsi günahkardır. Çünki onlar bu xəstəlikdən xəbərdar olsalar da, qadının səhhətində müəyyən problemlər müşahidə etsələr də, onu həkimə aparmayıblar. Bəs həkimin? Onun necə, bu məsələdə müəyyən təqsiri varmı?
S.Məmmədova bununla bağlı isə belə izahat verib: "Ümumiyyətlə, doğumun özü 12-16 saat davam edən bir prosesdir. Çox vaxtı sancı dövrü 12 saatdan artıq davam edirsə, güc vermə prosesi yarım saatadək davam edir. Çox zaman təkrar doğum edən qadınlar bunu bilir və güc vermə zamanı xəstəxanaya müraciət edirlər. Bu zaman isə həkim yalnız uşaq qəbul edə bilir və onun əlavə vaxtı olmur ki, xəstənin ürəyinin kardioqramını çıxarsın. Bu səbəbdən də gərək ki, doğum sancısı başlanıldıqda xəstə lazımi vaxtda stasionara çatdırılsın ki, müayinə də edilsin. Çünki xəstənin müayinəsi də azı 2-3 saat zaman alır. Digər nüans isə ürəyin hamiləliyin ilk günlərində yoxlanılmasının vacibliyi ilə bağlıdır. Bu haqda bizim milli protokolumuzda da yazılıb".
"Müəyyən ürək qüsurları var ki, biz bu zaman qadına hamilə qalmağı qadağan edirik. Xaricdə belədir ki, bir qadına övlad dünyaya gətirərsə, ölə biləcəyini dedikdə o buna etiraz etmir və körpələr evindən övladlığa uşaq götürür. Amma Azərbaycanda hansısa valideynə dedikdə ki, qızında ürək qüsuru var, hamilə qalsa, dünyasını dəyişəcək, ana olmağa hazırlaşan şəxsin valideyni bizi eşitmir. Nəticə isə bu cür olur", - deyə o əlavə edib.
S.Məmmədova ana olmağa hazırlaşan qadınları maarifləndirərək bildirir ki, çox vaxt insanlar xəstəlikləri ayaq üstdə, səthi keçirirlər: "Lakin vaxtında həkimə getdikdə, müayinə olunduqda xəstə öz səhhəti ilə bağlı məlumat almış olur. 18-20 il bundan öncə diaqnostika Azərbaycanda indiki səviyyədə inkişaf etməmişdi. Amma təəssüf ki, heç bir valideyn övladını vaxtında həkimə apararaq onun xəstəliklərini aşkarlamır. Yaxud da bu xəstəliyi aşkarlasa belə, evində xəstə uşağının olmasını etiraf etmir. Belə olan halda qadın hamilə qaldıqda onun səhhəti daha da yükə düşür və ağciyəri, ürəyi xəstə olan belə şəxslər xəstəliyə tab gətirə bilmirlər. Beləcə, 9 ay boyunca həmin qadının səhhəti get-gedə pisləşir və artıq doğuş zamanı vəziyyət daha da pik həddə çatır. Nəticədə xəstəni xilas etmək mümkün olmur".
İnanılmaz: Doğuşa qədər hamilə olduğunu bilməyib>>
Baş ginekoloq bu cür halların baş verməməsi üçün hamiləlikdən öncə ümumi müayinənin aparılmasının vacibliyini vurğulayır: "Hamiləliyin ilk günündən qadınların ümumi müayinədən keçmələri vacibdir. Qadın elə hamiləliyini öyrəndiyi ilk gündən həkim nəzarətində olmalıdır. Düzdür, başa düşürəm ki, bəzi qadınlar hamiləliklərini öz yaxınlarından gizlətmək istəyirlər. Amma həyati təhlükənin olmaması üçün ya anaları, ya da həyat yoldaşları ilə birgə mütləq həkimə gəlməli və ümumi müayinədən keçməlidirlər. 7-8 həftəlikdə ginekoloq xəstəni terapevtə, diş həkiminə göndərir, boğaz ətrafından xüsusi yaxmalar götürdür. Çünki bu yaxmalarla bir sıra infeksiyalar aşkarlana bilər. Həmin infeksiyalar isə hamiləlik dövründə həm anaya, həm də körpəyə mənfi təsir edə bilər. Lakin təəssüflər olsun ki, bəzi hallarda xəstələr bunlara məhəl qoymur, qadın xəstəxanalarına müraciət etmirlər".
"Azərbaycanda hamiləlik zamanı ambulator qulluq qadın məsləhətxanalarında, doğuş isə doğum evlərində aparılır.
Doğuşu qəbul edən həkim 9 ay müddətində hamiləyə baxıb onun durumunu öyrənə bilməz. Çünki o, doğum evində çalışır və səhər saatlarından etibarən doğuşa gələn xəstələri qəbul edir. Onun üçün vaxt tapılmır ki, xəstəni 9 ay müddətində çağırsın və müayinələrdən keçirtsin. Elə hallar olur ki, ambulator qulluğa nəzarət edən həkim də dövlət müəssisəsində doğuşu qəbul edə bilməz. Qanunla bu, yolverilməzdir.
Bu səbəbdən də xəstəni özəl klinikaya aparırlar. Özəl klinikalarda isə paket üçün xəstədən külli miqdarda pul istəyirlər. Bu pul olmayan halda, xəstə nə dövlət xəstəxanasına, nə də ki, özəl xəstəxanaya gedə bilir".
Bu və buna bənzər bir sıra hadisələrdən isə sadəcə bu qənaətə gəlmək olar ki, bəzi hallarda ana olmağa hazırlaşan qadınlar nə öz, nə də dünyaya gətirəcəkləri körpənin məsuliyyətini dərk etmirlər.
Övlad dünyaya gətirməyi qarşısına məqsəd qoyan və bunu kor-koranə, yaxud da planlı şəkildə istəyən qadın nə olur-olsun, dünyaya gələn körpənin əsas məsuliyyəti, yükü, elə həyatının sağlam olub-olmamasının da anadan asılı amil olduğunu dərk edərək ən sonda üsyan etməyi də bacarmalı, hüquqlarını bilməlidir. Çünki gecikmiş addım bir, yaxud da iki həyatın məhv olması və ya elə ona bərabər olacaq bir forma alması, yəni şikəst olması deməkdir.