Aysel Mirzoyeva, Bəxtiyar Məmmədov və daha çox “Ninja Parents” kimi tanınan Həvva Səfərova kimi məşhur blogerlər Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində dəyirmi masa ətrafında müzakirələrə qoşulublar.
Həvva Səfərova uzun müddət özü ailəvi səyahət blogeri axtarışında olub. Səyahət etməyi sevən Səfərovlar ailəsi uşaqlarının dünyaya gəlməsiylə bu vərdişə son qoymaq fikrində deyildilər. Uzun axtarışlardan sonra Həvva Səfərova bu boşluğu özü doldurmaq qərarına gəlib və uşaqlarla birlikdə səfərlər təşkil etməyin incəlikləri haqqında yazmağa başlayıb.
“İkinci oğlumla ilk dəfə səyahətə çıxanda o, 25 günlük körpə idi. Pediatrımdan tutmuş qohumlarıma qədər, hər kəs təşvişə düşmüşdü. Amma mən bu səyahətin uşağım üçün yalnız müsbət cəhətlərini saya bilərəm”, - deyə gənc bloger fikirlərilə bölüşüb.
Qeyd edək ki, bu tarixi Bloq Günü kimi qeyd etmək ideyası 2005-ci ildə "LiveJournal" bloq platformasının istifadəçilərinin "blog" sözünün 3108 rəqəmlərinə oxşadığına diqqəti çəkmələrindən sonra ortaya çıxıb. Buna görə də 31.08 tarixi Bloq Günü kimi seçilib.