BAKI, 2 sentyabr — Sputnik. Rusiyalı tərcüməçi və müsəlman dünyasının ictimai xadimi İman Valeriya Poroxova vəfat edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Sprosite u Rasula" Telegram-kanalı xəbər yayıb. Poroxova ömrünün 79-cu ilində həyata əlvida edib.
Poroxova "Quran"ın rus dilinə yeganə fikri (semantik) və mənzum tərcüməsinin müəllifi kimi tanınıb. O, Quranı ruscaya sinxron və izahlı tərcümə etməklə bütün müsəlman dünyasının sevgi və hörmətini qazanıb.
2000-ci ilin aprelində Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyəti onu "Elmin inkişafındakı xidmətlərinə görə" akademiyanın fəxri nişanı ilə təltif edib.
Tarix elmləri doktoru, Karnegi Mərkəzinin Moskva şöbəsinin əməkdaşı Aleksey Malaşenko "Quran. Mənaların və Təfsirlərin tərcüməsi"ni parlaq bir poetik əsər kimi qiymətləndirib.
Qeyd edək ki, milliyətcə rus olan Valeriya Poroxova xristian olub. O, 1975-ci ildə Suriya vətəndaşı Məhəmməd Səid əl-Roşdla ailə həyatı qurub. Buna baxmayaraq, 1981-ci ildə pravoslav kimi xaç suyuna alınıb. 1985-ci ildə Moskvadan Dəməşqə köçəndən sonra isə İslamı qəbul edib və İman adını görtürüb. O zamandan Quranın tərcümə etməyə başlayıb və bu işi 1991-ci ildə başa çatdırıb.