CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmi qəzetlərdə başsağlığı davası - "Camaat ölməyə qorxur"

Abunə olmaq
Qanunla dövlət qurumlarının təsərüffat subyekti saxlamasına icazə yoxdur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. Bir neçə gündür ki, rəsmi qəzetlərdə yer alan başsağlığı elanlarının yığışdırılması məsələsi müzakirə olunur. Bu günlərdə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Dini etiqad azadlığı və dini qurumlar haqqında" qanun layihəsinə dəyişikliklərlə bağlı açıqlamasında rəsmi şəxslərdən və Prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsinin qadağan olunacağını deyib.

O bildirib ki, qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb: "Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır".

S.Novruzovun bu fikri birmənalı qarşılanmayıb. "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov S.Novruzovun iradlarını qəbul etməyib. O bildirib ki, başsağlığı qəzetin gəlir mənbələrindən biridir və bunun qadağan olunması işçilərin maaşına təsir edə bilər.

Meyitin maşına yüklənməsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölünün də fərqi var: dəfn pulunu kimlər və necə alır

Sputnik Azərbaycan tətbiqi gözlənilən bu qadağa ilə bağlı ictimaiyyət nümayəndələrinin fikrini öyrənib.

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumiyyətlə, yas mərasimləri ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi vacibdir. Başsağlığı elanlarına gəlincə, F.Mustafa dövlətdən maliyyələşən qəzetlərdə bu tip məsələlərin qadağan olunmasının mümkün olduğunu söyləyib. Amma deputat ümumilikdə başsağlığıların qəzetlərdə verilməsinə qadağa tətbiq etməyin düzgün olmadığı qənaətindədir. O deyir ki, hər bir insanın öz hiss və duyğularını ifadə etmək hüququ var. Kim istəsə, bu duyğusunu qəzet vasitəsilə ifadə edə bilər. Ona görə də, müstəqil qəzetlərə belə bir məhdudiyyət qoymaq olmaz: "Amma mən rəsmi qəzetlərdən başsağlığıların yığışdırılmasının qəzetin keyfiyyətinə təsir edəcəyinə də inanmıram. Bununla belə, etiraf etmək lazımdır ki, bəzən insanlar rəsmi qəzetdə başsağlığı verməkdə də sanki yarışa girirlər".

"525"-ci qəzetin baş redaktoru Rəşad Məcid isə deyir ki, qadağalara yas mərasimlərindəki israfçılıqdan başlamaq lazımdır:

"Əvvəl yas mərasimlərindən çəngəl-bıçaq-boşqab şıqqıltısını, israflı ehsanı, plovu yığışdırmaq, məzar yerləri və qəbirüstü abidələri nizama salmaq lazımdır. Qanunun gücü, möhkəm iradə və müdrik nümunə burada göstərilməlidir. Başsağlığı sonrakı məsələdir. Camaat ölməyə qorxur!"

Qəzetlərdə başsağlığılara qadağanın tətbiqinə gəlincə, R.Məcid deyir ki, dünya təcrübəsində buna rast gəlinir: "Qardaş Türkiyədə bəzən qəzetdə yarım səhifə başsağlığı verirlər. Amma bizdə başsağlığılar ancaq rəsmi qəzetlərdə çap olunur. Özəl qəzetlərdə tək-tək hallarda başsağlığı verilir. Mən hesab edirəm ki, rəsmi qəzetlərin fəaliyyəti ümumiyyətlə düzgün deyil. Qanunla dövlət qurumlarının təsərrüfat subyekti saxlamasına icazə yoxdur. Bu gün təkcə başsağlığıları yox, elə tenderlər də rəsmi qəzetlərdə çap olunur. Guya başsağlığının tenderdən nə fərqi var ki? Mülki Məcəllədə açıq şəkildə qeyd edilib ki, tenderlər rəsmi qəzetdə çap olunmalıdır. Elə tenderlərin çapını da özəl qəzetlər arasında bölüşdürmək lazımdır".

Xəbər lenti
0