Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 1 sentyabr — Sputnik. Paytaxtda dayanma-durma qaydalarını pozan sürücülərin cərimələnməsi avtodayanacaq problemini gündəmə gətirib. Sürücülər bəzi ərazilərdə dayanma-durmanın qadağan edildiyini bildiklərini deyir, amma həmin ərazidə avtodayanacaqların olmamasından şikayətlənirlər. Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq avtodayanacaqlarla bağlı paytaxt sakinlərini, xüsusilə sürücüləri narahat edən məsələni araşdırıb.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda paytaxtda hərəkətə maneə yaradan yerlərdə avtomobillərin saxlanmasının qadağan edilməsi müsbət haldır. Amma ekspert bu gün bəzi ərazilərdə yol kənarlarında dayanma-durmanın qadağan edilməsinin sürücüləri çıxılmaz vəziyyətə qoyduğunu söyləyir.
Onun sözlərinə görə, paytaxtda elə ərazilər var ki, orada yol kənarlarında günün müəyyən saatlarında avtomobillərin saxlanılmasına icazə vermək olar: "Paytaxtda dayanma-durma nişanlarının qoyulması, mənim fikrimcə, mütləq müayinə aparıldıqdan sonra qoyulmalıdır. Çünki Bakıda elə ərazilər var ki, orada avtomobil saxlamaq üçün dayanacaqlar yoxdur. Bu zaman sürücü də haqlı olaraq sual verir ki, "bəs avtomobili harada saxlayım?"
Əgər bir küçədə avtodayanacaq yoxdursa, mütləq ikinci, yaxud da üçüncü küçədə olmalıdır. Bu gün elə ərazilər var ki, təcili tibbi yardım avtomobilləri belə o küçələrdə çağırışa getməyə çəkinir. Çünki avtomobili saxlamağa yer yoxdur. Bu məsələ Bakının ümumi problemidir.
Tutaq ki, paytaxtda, "Beşmərtəbə" ərazisində avtomobillərin yol kənarlarında saxlanılmasını qadağan etməyə haqq qazandırmaq olar. Çünki bu ərazidə, Qış Parkı ətrafında böyük yeraltı dayanacaq var. Amma bəzi ərazilərdə dayanma-durmanı qadağan etmək sürücüləri də çıxılmaz vəziyyətə salır. Çünki həmin ərazidə avtodayanacaq yoxdur".
E.Muradlı xüsusilə xəstəxanaların yaxınlığında avtodayanacaqların olmamasının sürücülər üçün problem yaratdığını söyləyir. Həmsöhbətimiz deyir ki, insanlar yaxınlarını xəstəxanaya apararkən məcburən avtomobili yol kənarında saxlamalı olurlar. Bir çox tibb müəssisələrinin yanında isə avtodayanacaqlar yoxdur. Ekspert Neftçilər prospekti boyunca da eyni vəziyyətin müşahidə olunduğunu söyləyib.
Əməkdar memar Elbəy Qasımzadə məsələnin şəhərsalmaya aid olduğunu desə də, problemdən aidiyyatı qurumların çıxış yolu tapmalı olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, paytaxtda bir gün 600 min avtomobilin hərəkət edəcəyi sovet dövründə nəzərə alınmayıb:
"İndi şəhərsalma qaydalarında yeni tikililərin avtodayanacağının olması şərt kimi qoyulub. Sovet dövründə paytaxtda əhali sıxlığı bu həddə olmadığından problem yaranmırdı. Bu gün dayanma-durma ilə bağlı problemin yaranmasının bir səbəbi də avtomobil sıxlığı, universitetlərin, dövlət qurumlarının şəhərdə yerləşməsidir".
E.Qasımzadə deyir ki, Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilib ki, Bakı şəhərinin inzibati ərazisində yeni yeraltı və yerüstü avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqların yaradılması ilə bağlı zəruri tədbirlər görülməlidir. Çox güman ki, yaxın gələcəkdə sürücülərin bu problemi istiqamətində işlərə başlanılacaq.