Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 30 avqust — Sputnik. Lerik rayonunun kəndlərində mal-qara arasında xəstəlik yayılıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yoluxucu xəstəlikdən heyvanlar arasında tələfolma halı da qeydə alınıb. Xəstəlik rayonun Zeynəko və ətraf kəndlərində bir neçə təsərrüfatda müşahidə edilir.
Qeyd edək ki, keçən il qoyunlar arasında yayılan xəstəlik bu il iribuynuzlu heyvanlara da keçib. Xəstəliyə tutulan heyvanların hərarəti yüksək olur, bədənlərində şişlər əmələ gəlir, gözləri görmür və burunlarından su axır. Rayon Baytarlıq İdarəsindən bildirilib ki, heyvanlarda rast gəlinən xəstəliyin adı teyleriozdur və onun qarşısını almaq üçün ciddi tədbirlər görülür.
Sputnik Azərbaycan-ın əməkdaşı heyvanlar arasında qeydə alınmış bu xəstəliyin yayılma riskini araşdırıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Yolçu Xanvəli açıqlamasında bildirib ki, teylerioz qan-parazitar xəstəlikdir. Y.Xanvəli Lerikdə heyvanlar arasında yayılmış bu xəstəliyin el arasında "qızdırma xəstəliyi" adlandırıldığını söyləyib. Şöbənin baş məsləhətçisi deyir ki, xəstəliyi törədənlər gənələrdir: "Heyvanlarda bu gənələrin olmaması üçün xüsusilə yay aylarında onlar həftədə bir dəfə çimizdirilməlidir. Çünki yay dövründə respublikamızda heyvanlar arasında qan-parazitar xəstəlikləri geniş yayılır. Bunun da əmələ gəlməsində ektoparazitlərin rolu böyükdür. Məhz buna görə də ektoparazitlərlə mübarizə aparmaq üçün dezinseksiya – gənələrə qarşı mübarizə işləri aparılmalıdır. Heyvanlar akarasid maddələrlə - xlorofos, neosidol, diazinon, kreolin, ektovil, sytrin və s. ilə çimizdirilməlidir".
Y.Xanvəli deyir ki, bu maddələrdən hazırlanmış suda çimizdirilən heyvanların dərisinə yapışmış gənələr məhv olur. Agentliyin baş məsləhətçisi əks halda heyvanların dərisinə yapışmış gənələrin qırmızı qan hüceyrələrini sorduğunu söyləyir. Onun sözlərinə görə, bu zaman heyvanlarda qızdırma, qan azlığı, limfa düyünlərinin böyüməsi kimi əlamətlər üzə çıxır. Y.Xanvəli bildirir ki, gənələrin çoxalmaması üçün fermerlərə məlumat verilir.
Agentlik rəsmisi deyir ki, bu xəstəliyin heyvandan-heyvana yoluxma təhlükəsi yoxdur. Amma fermerlər heyvanların qidalanmasına, saxlanılma qaydalarına da əməl etməlidirlər. Y.Xanvəli ekoparazitlərlə mübarizə aparmaq işinin fermerlərin öz üzərinə düşdüyünü söyləyir. Həmsöhbətimiz deyir ki, bunun üçün dövlət tərəfindən dərmanlarla pulsuz təminat yoxdur. Belə ki, fermerlər müraciət etdikdə baytar tərəfindən resept yazılır və heyvanlar həmin məhlulda çimizdirilir. Y.Xanvəli bu zaman işçi məhlulun düzgün dozada hazırlanması və işləmənin açıq şəraitdə günün sərin vaxtlarında aparılmasına çox ciddi diqqət yetirilməli olduğunu söyləyir. Əks halda, hər hansı buraxılmış səhv heyvanların zəhərlənmədən kütləvi tələfatına səbəb ola bilər: