İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 29 avqust — Sputnik. Son zamanlar internetdə, sosial şəbəkələr üzərindən airsoft silahların, metal tapançaların satışı ilə bağlı elanlara rast gəlirik. Bu silahların texniki göstəricilərini və onlara aid məlumatları oxuyanda, onların heç də təhlükəsiz olmadığını aydın görmək olur. Ancaq bəzi şəxslər bunu şəbəkələrdə rahat şəkildə reklam edib, satışa da çıxara bilir.
Belə silahların satılması cəmiyyəti hansı təhlükə qarşısında qoyur? Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirməyə çalışıb.
Təhlükəsizlik eksperti Elmar Nurəliyev də təsdiq edir ki, 30-40 metr məsafədən plastik qabı, hətta lambrini deşmək gücünə malik olduğu bildirilən bu silahların rahat və əlçatan olması insanlarda narahatlıq doğurur.
"Qanunda bununla bağlı qadağa olmasa da, hüquq mühafizə orqanları tərəfində nəzarət var və buna ciddi nəzarət olunur. Belə silahlara uşaqların marağının böyük olduğunu nəzərə almaq lazımdır. Onlar bu silahı əldə etdikdən sonra ani bir ehtiyatsız davranışla uşaqlar arasında, məktəbdə, əyləncə mərkəzlərində və ən əsası evdə digərlərinin həyatlarını təhlükəyə atmış olurlar" – deyə o, qeyd edib.
E.Nurəliyevin sözlərinə görə, bu silahlar pis niyyətli insanlar üçün də fürsət ola bilər. Metal korpusdan ibarət, çəkisi 300-400 qram və atış məsafəsi 40 metrdən çox olan bu silahlar xarici görünüşdə həqiqi odlu silahdan fərqlənmir: "Yəni cinayətə meylli şəxslər bu silahları rahat əldə edərək gələcəkdə bundan oğurluq, hədə-qorxu və digər cinayət tərkibli əməllərin həyata keçirilməsində istifadə edə bilərlər. Ona görə də, hesab edirəm ki, bu kimi silahların açıq şəkildə internet üzərindən satışına nəzarət daha da gücləndirilməlidir. Valideynlər də uşaqların bu silahlara maraq göstərməsindən narahat olmalı və uşaqlara bunun təhlükəli olduğunu izah etməlidirlər. Silah əldə etmək istəyən şəxs isə yaşadığı ərazi üzrə müvafiq polis bölməsinə müraciət edərək, tələb olunan sənədləri təqdim etməli və silahın alınmasına xüsusi icazəni əldə etməlidirlər".
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi polis mayoru Elşad Hacıyevin sözlərinə görə, xidməti və mülki silahın əldə olunması Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Xidməti silah Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında yalnız dövlət orqanları və hüquqi şəxslər tərəfindən əldə edilir.
Vətəndaş odlu ov və ya idman silahını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında müvafiq yoxlamadan keçməklə əldə edə bilər. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir.
Qeyd edək ki, sosial şəbəkələrdə (əsasən "Instagram"da) şəxsiyyət vəsiqəsilə satılan səs tapançası və vəsiqəsiz satılan airsoft tipli silahları gəzdirməyin hüquqi cəzası yoxdur. Amma şəxsin bu kimi silahlarla ictimai təhlükəli əməldə iştirakı olsa, yaxud təqsirin formalarından biri yaranarsa, başqa sözlə, inzibati, cinayət tərkibinə səbəb olarsa məsuliyyət yaranır.