Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 27 avqust — Sputnik. Bir qrup şəxs paytaxtda fəaliyyət göstərən daha bir turizm şirkəti tərəfindən aldadılıb. Bu barədə Leyla Məmmədli adlı Facebook istifadəçisi sosial şəbəkədəki hesabında məlumat paylaşıb.
O, bildirib ki, ailə üzvləri ilə istirahət etmək üçün Türkiyədəki turizm məkanlarından birinə tur paket alıb. "İn Travel Az" turizm şirkətinin əməkdaşına ödəniş edərək möhürlü və imzalı paketi götürüb. Ailəsi ilə birgə hava limanına getdikdə isə məlum olub ki, onların adına nə bilet var, nədə otel. L. Məmmədli bildirib ki, bu şirkətdən tur paket alan 20-dən çox müştəri eyni aqibəti yaşayıb.
Sputnik Azərbaycan-ın əməkdaşı mövzunu araşdırmaq məqsədilə sözügedən turizm şirkəti ilə əlaqə saxlayıb. "İn Travel Az" turizm şirkətinin satış meneceri Xalid Əsgərzadə Sputnik Azərbaycan-a bildirib ki, aldatma faktı üzrə hazırda prokurorluq orqanı tərəfindən araşdırmaya başlanılıb: "Bizim turizm şirkəti illərdir ki, fəaliyyət göstərir. İndiyə qədər bizim şirkətlə bağlı narazılıq olmayıb. Çox təəssüf ki, bizim şirkətin bir əməkdaşı belə bir qanunsuzluğa yol verib. Həmin əməkdaşımız bir müddət idi ki, ailə vəziyyəti ilə bağlı rəhbərlikdən icazə alaraq evdən fəaliyyət göstərirdi. Bu dövrdə o, bizim sistem üzərindən başqa travel şirkətlərindən sifarişlər verib. Bu işi saxtakarlıq yolu ilə etdiyi üçün tur paket alan müştərilərin adları sistemdə qeyd edilməyib. Biz hadisədən ancaq müştərilər şikayət etdikdən sonra xəbərdar olmuşuq. Dərhal həmin xanım əməkdaşımızla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda xanım əməkdaşımızın özünə qəsd təhlükəsi olduğundan xəstəxanaya yerləşdirilib. Amma prokurorluqda həmin şəxslə bağlı cinayət işi açılıb, araşdırmaya başlanılıb".
X.Əsgərzadə bildirib ki, şirkətin əməkdaşı müştərilərdən pulu metro stansiyalarının çıxışlarında və müxtəlif ünvanlarda alıb. O, müştərilərə dəyən zərərin ödənilməsi istiqamətində də iş aparıldığını qeyd edib.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bu məsələ ilə bağlı araşdırma aparıb: "Şirkətdən alınan məlumata əsasən, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlıdırlar. Şirkətin rəhbərliyinin sözlərinə görə, vətəndaşları aldadan şirkətin keçmiş işçisi olan xanımdır. Həmin xanım işdən uzaqlaşandan sonra bir neçə vətəndaşdan ofisdən kənar yerdə ödənişlər toplayıb. Ödənişləri toplayan xanım tərəfindən həmin vətəndaşlara nə çek, nə də qəbz verilib, nə də hər hansı məlumatlar haqqında bir söz deyilib”.
Kənan Quluzadə xatırladıb ki, son vaxtlar turizm şirkətlərinin müştəriləri aldatma faktlarına çox rast gəlinir. Bununla bağlı turizm şirkətlərinin fəaliyyətinə nəzarəti gücləndirmək üçün onlar mülki məsuliyyət sığortasına cəlb ediləcək. O, qeyd edib ki, bu sığorta vasitəsilə onların yerli və xarici turistlər qarşısında öhdəlikləri təmin ediləcək.