Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 16 iyul — Sputnik. Şəki Xan Sarayını ziyarət edənlərlə bağlı statistika açıqlanıb.
Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iyun ayında Şəki Xan Sarayını 24021 nəfər ziyarət edib. Onlardan 8800 nəfəri xarici ölkələrin vətəndaşı, 15221 nəfəri isə Azərbaycan vətəndaşıdır.
Xatırladaq ki, iyulun 7-də Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
İyulun 14-də isə Xan Sarayının qarşısında bitən 500 yaşlı Xan çinarının budağı qırılaraq ərazidəki turistlərin üzərinə düşüb. Nəticədə, 1 nəfər ölüb, 20-yə yaxın insan xəsarət alıb.