BAKI, 27 avqust — Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan bu gün "MAKS-2019" aviakosmik beynəlxalq sərgisinin açılışında iştirak ediblər.
Sputnik Azərbaycan Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, Türkiyə lideri sərgidə iştiraka dəvət olunduğuna görə rusiyalı həmkarına təşəkkürünü bildirib.
Prezidentlər həmçinin "MAKS-2019" aviakosmik sərgisində nümayiş olunan Rusiyanın ən yeni "Su-57" döyüş təyyarəsinə baxış keçiriblər.
Dövlət başçıları nərdivanla təyyarənin kabinəsinə qalxıblar.
"Su-57" təyyarəsindən başqa, prezidentlər "Su-35" qırıcı təyyarəsini, "Ka-62" və "Mi-38" helikopterlərinə də baxış keçiriblər.
Putin həmçinin türkiyəli həmkarına "Be-200" amfibiya təyyarəsinin əsas xüsusiyyətləri haqqında məlumat verib.
"Suxoy" konstruktor bürosu tərəfindən layihələndirilmiş "Su-57" təyyarəsinin əsas üstünlüyü radara düşməməsidir.
Xatırladaq ki, iyulun 17-də rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün başlaması ilə əlaqədar olaraq Ankaranın "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib.