Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 25 avqust — Sputnik. Qax Rayon Dövlət Yol Polisi əməkdaşları isti hava şəraiti ilə əlaqədar olaraq sürücü və sərnişinlərin maariflənməsi üçün növbəti reyd keçiriblər.
Sputnik Azərbaycan-ın əməkdaşının da iştirak etdiyi reyddə minik və sərnişin, eləcə də yük avtomobillərinin sürücü və sərnişinlərinə sərin su paylanılıb. Onların səhhətləri ilə bağlı narahatlıqları dinlənilib və buna müvafiq olaraq səyyar həkim tərəfindən elə yerindəcə yoxlanılıblar.
İstinin təsirindən səhhətində müəyyən ptoblemlər olan sürücü və sərnişinlərin qan təzyiqi ölçülüb. Reyd zamanı bəlli olub ki, sükan arxasında əyləşən sürücülərin əksəriyyətinin qan təzyiqi yüksək - 200-180 arası olub.
Qax Rayon Mərkəzi Xəstəxanasının həkimi, terapevt Merab Basaşvili sürücüləri belə vəziyyətdə necə davranmaları ilə bağlı təlimatlandırıb. O bildirib ki, sürücü və sərnişinlərə verilən dərmanlar həm ürək xəstələrinə, həm də yüksək qan təzyiqindən əziyyət çəkən şəxslərə xeyirlidir: "Bu dərmanları dilin altına qoyaraq az miqdarda su içməklə təxminən 3 dəqiqə ərzində təsirini görmək mümkündür".
Qaxda yol polisi jurnalistlərə qarşı fırıldağın qarşısını aldı - FOTO>>
Qax Dövlət Yol Polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru Namiq İsrafilov isə Sputnik Azərbaycan-a açıqlamasında keçirilən reydin ümumi nəticəsi haqda məlumat verib: "Havaların isti keçməsi ilə əlaqədar olaraq nəqliyyat vasitələri, xüsusilə də avtobus və mikroavtobuslar tərəfimizdən saxlanılaraq onların sürücü və sərnişinlərinə sərin su təqdim olunub. Səhhətində problem aşkarlanan sürücü və sərnişinlər həkim nəzarətindən keçərək təlimatlandırılıblar. Bu istiqamətdə tədbirlərimiz davam edəcək".