BAKI, 23 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi iclas zamanı ABŞ-ın ortamənzilli və yaxınmənzilli raketlərin ləğvinə dair sazişdən çıxması ilə bağlı bəyanat verib.
Sputnik Azərbaycan xəbər verir ki, Putinin bəyanatının tam mətni Kremlin saytında yerləşdirilib. Məlumata görə, iclasda Vaşinqtonun sözügedən sazişdən çıxması və ABŞ-ın bu yaxınlarda apardığı raket sınaqları müzakirə olunub.
Çıxışının əvvəlində Rusiya prezidenti Vaşinqtonun quruda qanadlı raketi sınaqdan keçirdiyini və raketin 500 kilometrdən çox məsafədə hədəfi vurduğunu xatırladıb. Putinin sözlərinə görə, bu, ortamənzilli və yaxınmənzilli raketlərin ləğvinə dair sazişə ziddir.
Putinin sözlərinə görə, amerikalılar təkidlə bildiriblər ki, raketin buraxılmasında istifadə olunmuş "MK-41" qurğusu guya "Tomahavk" raketlərinin buraxılmasında istifadə oluna bilməz.
"İndi isə pozuntu faktı göz qabağındadır, buna etiraz etmək mümkün deyil – onlar özləri bunu deyiblər" - prezident vurğulayıb.
"Təbii ki, belə bir sual ortaya çıxır: necə başa düşək ki, Rumıniya və Polşada nə yerləşdiriləcək - raketdən müdafiə sistemləri, yoxsa kifayət qədər uzaq məsafəyə vura bilən raket zərbə kompleksləri?" - Putin deyib.
Rusiya prezidenti həmçinin qeyd edib ki, ABŞ sazişi rəsmən ləğv edəndən 16 gün sonra raketi buraxıb.
"Aydındır ki, bu (raket sınağı – red.) improvizasiya yox, çoxdan planlaşdırılmış və əvvəlcədən həyata keçirilmiş tədbirlərin növbəti bir hissəsi idi" - o deyib.
Sözügedən saziş SSRİ və ABŞ tərəfindən 1987-ci ildə imzalanıb. Sənədə əsasən, hər iki tərəf quruda yerləşdirilmiş bütün ortamənzilli və yaxınmənzilli ballistik və qanadlı raket komplekslərini məhv etməli idi.
2018-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun sazişdən çıxacağını elan edib. O, buna səbəb kimi Moskvanın saziş çərçivəsində öhdəliklərini "yerinə yetirməməsini" göstərib. Lakin Amerika tərəfi bu iddia ilə bağlı heç bir dəlil gətirməyib. ABŞ-ın hərəkətlərinə cavab olaraq 2019-cu ildə Rusiya da sözügedən sazişdə iştirakını dayandıracağını bəyan edib.