Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 avqust — Sputnik. "Ermənistanda qarayaranın yayılmasının ölkəmiz üçün heç bir təhlükəsi yoxdur".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Yolçu Xanvəli bildirib.
Qeyd edək ki, Ermənistanın Qeqarkunik vilayətində 5 nəfərdə qarayara aşkarlanıb. APA-nın "Armen Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Qeqhovit kəndindən iki nəfər xəstəxanaya müraciət edib. Onlar bir neçə gün öncə kənddə mal-qara kəsdiklərini bildiriblər. Səhiyyə Nazirliyinin əməkdaşları kənddə daha 6 nəfərdə xəstəliyin olmasından şübhələniblər. Beş nəfər Yerevanda yerləşən Nork Yoluxucu Xəstəliklər Hospitalına yerləşdirilib. Onların hamısında qarayara aşkarlanıb.