Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 02 avqust — Sputnik. Sabirabad rayonunda qarayara xəstəliyindən baş verən ölüm hadisəsi narahatlığa səbəb olub. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Yolçu Xanvəli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qarayara ilə bağlı ölkəmizdə epizootik vəziyyət sabitdir.
Y.Xanvəli qeyd edib ki, hətta inşaat işləri aparılarkən də torpaqdan qarayara xəstəliyinə görə nümunə götürülüb yoxlanılmalıdır. Onun sözlərinə görə, qarayara xəstəliyinin Sabirabadda qeydə alındığı xəstələrə necə yoluxduğu Qida Təhlükəsizliyi Agentliyi və Taun Əleyhinə Stansiya tərəfindən araşdırılmalıdır. Həmsöhbətimiz deyir ki, qarayara xəstəliyi quşlar arasında qeydə alınmır. Qurum səlahiyyətlisi onu da qeyd edib ki, qarayara xəstəliyinin ən ağır forması virus daxili orqanlara düşdüyü halda baş verir: "Dəridə qeydə alınan qarayara xəstəliyinin müalicəsi var. Amma xəstəlik nəfəs yolu ilə keçdikdə isə ağciyərdə müalicəsi mümkünsüz olur".
Xatırladaq ki, Səhiyyə Nazirliyinin məlumatına görə, artıq Sabirabad Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib. İyul ayının 25-i xəstələr ağır vəziyyətdə KTM-ə yerləşdiriliblər. İyul ayının 29 xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olub. Hazırda ikinci xəstənin müalicəsi davam edir. Bu xəstəlik, xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Qarayara xəstəliyi 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb.