BAKI, 18 avqust — Sputnik. Yay gələndə insanlar tətillərini dəniz və hovuz əyləncələri ilə keçirməyə çalışırlar. Revmatik xəstəlikləri olanlar isə adətən dəniz sahilində qum vannası qəbul etməyə, günəşlənməyə üstünlük verirlər. Lakin bədənindəki ağrılardan az da olsa xilas olmaq üçün əl-ayaqları, bədəni isti quma basdırmağın ağır nəticələri də ola bilər.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, türk mütəxəssis qum vannası qəbul edən insanların iflic olmaq ehtimalının yüksək olduğunu bildirib. Fizioterapiya və reabilitasiya üzrə mütəxəssis, professor Şahab Dəmirboğan isti qumun revmatizmə kömək etmədiyini, əksinə xəstə nahiyədə iltihablaşmaya səbəb olduğu fikrini irəli sürüb. Dəmirboğan əlavə edib ki, xüsusilə ürək-damar xəstələrinə, qan təzyiqi yüksək olanlara və yaşlı insanlara qum vannası çox zərərlidir.
"İnsanlarda bədənin müxtəlif yerlərinin dəniz qumuna basdırılmasının xəstəliklərə yaxşı təsir etdiyi, ağrını azaltdığı barədə inanc var. Amma isti dəniz qumu heç də hamıya yaxşı təsir etmir. Duzlaşma və əzələ dartılması kimi problemlərdə qum vannası ötəri rahatlıq yarada bilər. Çünkü isti qum qısamüddətli təsirə malikdir. Ağrıları azca səngitmək üçün saatlarla qumun içində qalmağa ehtiyac yoxdur. Bu cür ağrıları olanlar fizioterapevtlərə müraciət etsələr, xəstəlikdən daha az itki ilə xilas ola bilərlər", - deyə professor bildirib.
Dəmirboğanın sözlərinə görə, qumun verdiyi ağırlıq masaj effekti verə bilər. Amma onun heç bir müalicəvi əhəmiyyəti yoxdur. Elektrik batareyaları ilə isinən fizioterapiya cihazları, tibbi qızdırıcılar, isidilmiş daş, duz və s. ağrı bölgəsinə qoyulduqda, ora nüfuz edərək oradakı molekulları hərəkətə gətirir. İstilik sayəsində həmin bölgələrdə damarlar genişlənir, metabolizm prosesi sürətlənir.
Həkim xatırladıb ki, qızmar günəş ürək-damar və təzyiq xəstələri üçün böyük risq yaradır. Belə xəstələr xüsusilə başlarını günəşdən qorumalı, günəş altında kepkasız gəzməməlidirlər. Onların bədənlərini çoxlu isti quma basdırması ürəyə gücün düşməsinə və beyindəki gərilmənin artmasına səbəb olur. Bu isə qan təzyiqinin yüksəlməsinə zəmin hazırlayır. Odur ki, öz orqanizminin tam sağlamlığından əmin olmayanlar, günəşli dəniz sahilində istirahətə can atmasınlar.
Dəmirboğan qeyd edib ki, diabet xəstələri və nevroloji xəstəlikləri olanların da günəşdən və dəniz qumundan uzaq durması məsləhətdir. Varikoz xəstəliyi, damar problemləri, revmatizmi olan şəxslər də dəniz qumundan gen gəzməlidir. Çünkü isti qum onların damarlarında şişkinliyi artıra, bədənlərinin müxtəlif nahiyələrində ödemlərə səbəb ola, nəticədə xəstəliyin ağırlaşmasına gətirib çıxara bilər.
Sual verə bilərsiz ki, bəs dənizdə çimməyin və isti qumun faydaları nədir? Türk mütəxəssisin cavabı belədir:
• Qan dövranının sürətləndirilməsi, ayaq, bud-baldır əzələlərinin işləməsi üçün dəniz qumu üzərində yerimək faydalıdır.
• Əgər qum üzərində uzanmaq, günəşlənmək, ya da yerimək istəyirsizsə, günəş şüalarının zəiflədiyi və zərərsiz olduğu saatları gözləyin. Bu saatlar isə səhər günəşin yeni çıxdığı və güclü şüalarının yerə çatmadığı, axşamlar isə batmağa meylləndiyi saatlardır.
• Dəniz suyu bir çox xəstəliyin qarşısını almağa, bəzi xəstələrin vəziyyətini yaxşılaşdırmağa kömək edir.
• Xüsusilə əzələ sisteminin güclənməsinə yardım edir, bu şərtlə ki, bol-bol üzmək lazımdır.
Qeyd edək ki, bu yay Azərbaycanda çimərlik həvəskarlarının qanını yetərincə qaraldıb. Ona görə də türk həkimin sözləri onların yarasının üstünə duz səpilməsinə bənzəyir.