BAKI, 15 avqust — Sputnik. Hazırda Türkiyənin "F-35" qırıcılarının istehsalı üzrə proqramdan çıxarılmasından söhbət getmir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Söhbət Türkiyənin rəsmi olaraq "F-35" proqramından çıxarılmasından getmir. Mən düşünürəm ki, biz qarşılıqlı anlaşma çərçivəsində razılığa gələcəyik. Əks halda, ölkələr onların münasibətlərinə mənfi təsir edəcək addımlar atacaqlar. Biz hazırkı mərhələdə mövcud fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə fokuslanırıq".
Xatırladaq ki, iyulun 17-də rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyənin "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.
Pentaqon rəhbərinin satınalmalar üzrə müavini Ellen Lord bəyan edib ki, Birləşmiş Ştatların Türkiyə ilə "F-35" proqramı üzrə əməkdaşlığı dayandırması nəticəsində rəsmi Ankara təxminən 9 milyard dollar investisiya almayacaq:
"Türkiyə iş yerlərini və iqtisadi imkanları itirəcək. Türkiyə "F-35" təyyarələrinin 900-dən çox detalını istehsal edirdi və bunun üçün 9 milyard dollar investisiya alırdı".
Türkiyə Xarici İşlər Nazirliyi isə öz növbəsində ABŞ-ın rəsmi Ankaranı "F-35" tipli qırıcıların istehsalı üzrə proqramdan çıxarmasını birtərəfli və qanunsuz addım adlandırıb. "Bu qərar iki ölkə arasında strateji əlaqələrə bərpa edilməz şəkildə zərər vuracaq. "S-400" zenit-raket komplekslərinin "F-35" qırıcılarına təhdid təşkil etməsinə dair iddialar əsassızdır. Türkiyə tərəfinin bu məsələ ilə bağlı NATO-nun da iştirakı ilə komissiya yardılmasına dair təkliflərini ABŞ tərəfi cavabsız qoyub", - deyə Türkiyə XİN bildirib.
Nazirlik Türkiyənin "F-35"lərlə bağlı proqramdan çıxarılması barədə qərarı ədalətsiz adlandırıb.