BAKI, 13 avqust — Sputnik. Almazbek Atambayev Qırğızıstanda dövlət çevrilişi etməyə hazırlaşırdı.
Sputnik Qırğızıstan bildirir ki, bunu Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Orozbek Opumbayev deyib.
Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi (MTK), Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğu Koy-Taşda baş verən hadisələrlə bağlı mətbuat konfransı keçirərək ictimaiyyətə hesabat verirlər.
"Atambayev əvvəldən nəzərdə tuturdu ki, onu məcburən məhkəməyə aparacaqlar. Evinin ərazisində uşaqları, yaşlı adamları saxlamışdı, onlara pul verirdi. O qarşıdurma olacağını gözləyirdi. Ona qan lazım idi. Dövlət çevrilişi etmək üçün qan tökmək vacib idi - o zaman Atambayev hökuməti günahlandıra bilərdi. Mən onun planlarını rəsmi surətdə bəyan edirəm", - Opumbayev deyib.
O qeyd edib ki, MTK və DİN-in keçmiş və indiki əməkdaşları məlumatları Atambayevin mənzil-qərargahına ötürürmüşlər, ona görə də xüsusi təyinatlılar onun evinə qəfildən gediblər.
Almazbek Atambayev xüsusi ağır cinayətlərin törədilməsində, o cümlədən adamöldürmədə ittiham edilib. Bu barədə Baş Prokurorluğun istintaq və operativ-axtarış fəaliyyətə nəzarət idarəsinin rəisi Zamir Beyşekeyev bildirib. Onun sözlərinə görə, sabiq prezident kütləvi iğtişaşların törədilməsində, girov götürülməsində, hökumət nümayəndələrinə güc tətbiq etməkdə, sui-qəsdin təşkilində günahlandırılır.
"Atambayevə bir sıra xüsusi ağır cinayətlərin törədilməsində şübhəli bilindiyi haqda bildiriş təqdim olunub", - Beyşekeyev deyib.
Atambayevə bu ittihamlara görə ömürlük həbs cəzası verilə bilər.
Avqustun 7-si axşam saatlarında xüsusi təyinatlılar Atambayevi saxlamaq üçün onun Koy-Taş kəndində yerləşən iqamətgahında əməliyyata başlayıblar. Əməliyyat zamanı xüsusi təyinatlılar və sabiq prezidentin tərəfdarları arasında qarşıdurma yaranıb. İki gün sürən qarşıdurmada bir xüsusi təyinatlı odlu silah yarasından həlak olub, 136 nəfər müxtəlif xəsarətlər alıb.
Atambayev avqustun 8-də həbs edilib.