BAKI, 8 avqust — Sputnik. Almaniyanın Xarici İşlər Nazirliyi Misirə gedən turistlərə bu ölkədə bağırsaq çöplərinin (E.Coli bakteriyaları) törədicisi olduğu xəstəliklərin yayılması barədə xəbərdarlıq edib.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, xəstəliyin mənbəyi kimi çiy meyvə-tərəvəz, mal və qoyun əti göstərilib.
Nazirliyin məlumatına görə, 2019-cu ildə Misirdən qayıdanların 31 nəfərində E.Coli bakteriyalarının törətdiyi xəstəliklər aşkar olunub, 2018-ci ildə isə bu rəqəm cəmi 21 olub. Bütün turistlər ilin müxtəlif fəsillərində Misirin müxtəlif otellərində qaldıqlarından xəstəliyin lokal yayılmasından söhbət getmir.
Xəstəliyin inkubasiya dövrü 3-8 gündür. Simptomları - ürəkbulanma, qusma, diareya, yüksək hərarətdir. Bəzən infeksiya ağırlaşma, məsələn, böyrək çatışmazlığı yarada bilər.