Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 24 iyul — Sputnik. Azərbaycanın bütün regionlarında brusellyoz xəstəliyinin yayılmasının rəsmi olaraq təsdiqlənməsi, ölkə əhalisi arasında bu xəstəliyə yoluxma ilə bağlı təşviş yaradıb. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nigar Səfi mətbuata açıqlamasında xəstə heyvanlarının sayının artmasını vaksinasiya olmamış heyvanların bazara çıxarılması ilə izah edib. Onun sözlərinə görə, əvvəllər xəstəliyə tutulmuş heyvanlar təsərrüfatlardan uzaqlaşdırılardı, indi isə fermerlər bunu etmirlər, son nəticədə də brusellyoz xəstəliyinin miqyası genişlənir.
Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda heyvanlar arasında yoluxucu xəstəliklərin yayılması narahatedici faktdır: “Ölkəmizdə heyvanlar arasında xəstəliklərin yayılması artıq beynəlxalq təşkilatları da narahat edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi üzrə layihənin həyata keçirilməsinə başlayır. Bu layihənin məqsədi endemik və ekzotik transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması, diaqnostikası və erkən təsbiti üçün Azərbaycanın müvafiq qurumlarının potensialının artırılmasıdır. Milli Referans Laboratoriyası və 6 regional sınaq laboratoriyasının əməkdaşları, bir sıra özəl və dövlət orqanlarında fəaliyyət göstərən baytarlar bu sahədə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə keçiriləcək xüsusi təlimlərə cəlb ediləcəklər. 2020-ci ilədək nəzərdə tutulan layihə FAO tərəfindən maliyyələşdiriləcək. Düşünürəm ki, bu layihənin həyata keçirilməsi ölkədə insan və heyvan sağlamlığı ilə bağlı məsələyə böyük töhfə verəcək. Layihə heyvanlar arasında brusellyoz xəstəliyinin yayılmasının da qarşısını alacaq”.
E. Hüseynovun sözlərinə görə, heyvanlar arasında yayılmış brusellyoz xəstəliyini önləmək üçün görülən işlər səmərə verənədək, aidiyyatı qurumlar bu məsələdə diqqətli olmaldırlar: “Bazara çıxardılan ət və süd məhsulları diqqətlə yoxlanılmalıdır. Bu işdə baytarların üzərinə ciddi məsuliyyət düşür. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi baytar nəzarətindən kənar ət və süd məhsullarının satışının qarşısını almalıdır ki, brusellyoz xəstəliyinin heyvanlar arasında olduğu kimi, insanlar arasında da yayılmasın”.
Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında əhalini ehtiyatlı davranmağa səsləyib. Həmsöhbətimiz deyir ki, hazırda satışda baytar nəzarətindən kənar ət və süd məhsullarının satışı hallarına rast gəlinir: “Odur ki, insanlar ət və südü yaxşı qaynatmamış yeməsinlər. Qaynama zamanı ət və süd məhsullarında brusellyoz infeksiyası olduğu təqdirdə belə insan orqanizminə yoluxmur”.
Bundan əlavə, İ. Ağayev bildirir ki, insanlar hər yoldan ötəndən qatıq alıb yeməkdən çəkinsinlər. Baş epidemioloq hazırda insanlar arasında brusellyoz xəstəliyinə rast gəlindiyini söyləyib.
Qeyd edək ki, brusellyoz kənd təsərrüfatı və vəhşi heyvanların, eləcə də insanların xronik gedişli yoluxucu xəstəliyidir. Törədicisi Brusella cinsindən olan bakteriyalardır. Bunların məlum olan 6 növündən 4-ü kənd təsərrüfatı heyvanlarında xəstəlik törədir. İnsanlar üçün daha təhlükəli Brusella melitensis növü sayılır.