Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 6 avqust — Sputnik. Bu il Rusiya üçün kənd təsərrüfatı məhsullarının məhsuldarlığına görə öncəki illərdən daha fərqli olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd olunur ki, bu il Rusiya istixanalarında məhsuldarlığın kəskin artacağı proqnozlaşdırılır. Nazirlik bildirir ki, məhsuldarlığın yüksək səviyyədə olması isə eyni zamanda qiymətlərin enməsinə də səbəb olacaq.
Rusiyada məhsuldarlığın artmasına səbəb olaraq isə son illər istixana sektoruna daha çox vəsaitlərin qoyulması, istixanaların ümumi sahələrinin daha da artırılması göstərilir.
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən çox ixrac olunduğu ölkələrdən birinin Rusiya olduğunu nəzərə alsaq, bu amilin ölkəmizə necə təsir edəcəyi maraq doğurur.
Mövcud vəziyyəti iqtisadçı-ekspert Natiq Cəfərli dəyərləndirib. O Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təxminən 4-5 il öncə Rusiyada kənd təsərrüfatı məhsullarına elmi yanaşma ilə əlaqədar olaraq kifayət qədər böyük bir prosesə start verildi: "Artıq görülən bu işlər məhsuldarlığın həcminin artmasında belə öz bəhrəsini verməyə başlayıb. Bunu biz bir neçə misalla da görə bilərik. Məsələn, öncələr Rusiya alma ilə bağlı xarici ölkələrdən, xüsusən də Polşadan asılı idi. Artıq son 5 ildə Rusiyanın alma istehsalı hətta ixrac səviyyəsinədək yüksəlib. Yəni, təkcə bir məhsul üzrə məhsuldarlığa nəzər yetirsək, dinamikanın necə dəyişdiyini görmək mümkündür".
"Artıq bu amil Rusiyaya xaricdən gətirilən məhsulların həcminin azalmasına da təsir edəcək. Kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsi amili xüsusən də ölkəmizə təsirsiz ötüşməyəcək. Bu isə Azərbaycanda gələcəkdə ixracın stimullaşdırılmasında mənfi rol oynaya bilər. Rusiyada qiymətlər aşağı düşsə, Azərbaycan fermerləri yəqin ki, qiymətlə bağlı problemlər yaşaya bilərlər. Çünki hələlik ki, Azərbaycan kənd təsərrüfatı mallarının ən çox ixrac olunduğu ölkə Rusiyadır", - deyə iqtisadçı əlavə edib.
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda məhsuldarlıqla bağlı vəziyyət o qədər də ürəkaçan deyil: "Biz nəzər yetirsək, aqro-texniki sahədə axsamaların olduğunu görə bilərik. Elə kənd təsərrüfatı məhsulu var ki, Avropa və dünya standartlarında məhsuldarlıq hər hektara görə 2 dəfə, bəzi hallarda isə 3 dəfə aşağıdır. Bütün bu amillər isə aqro-texniki qaydalara elmi yanaşmanın olmasına zərurət yaradıb. Bu səbəbdən də Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlar aqrar sahədə yeni texnologiyaların tətbiqinə başlamalıdır. Azərbaycanda toxumçuluq, seleksiya işləri ilə bağlı uzunmüddətli bir mərhələyə start verilməlidir. Çünki açığını desək, bizim əkinə yararlı torpaq sahəmiz o qədər də çox deyil. Bu səbəbdən də əlimizdə olan torpaq sahələrindən daha effektiv istifadəyə görə, elmi yanaşmaya ehtiyac var".
Son illər bir çox ölkələrdə, eləcə də Rusiyada istixanalara investisiyaların yatırılması ilə daha çox məhsuldarlığın əldə olunması amili Azərbaycanda da belə təcrübədən yararlanmağın vacibliyni göstərir. Ekspert istixanaların verə biləcəyi töhfədən danışıb: "Dünyada istixanalar yeni texnologiyalarla təchiz olunub. Bu müasir istixanalar isə tam avtomatlaşdırılmış şəraitdə fəaliyyət göstərir. Onlar temperaturu ölçməyə, kompüter vasitəsi ilə suvarmanı təmin etməyə imkan verir. Rusiyada müasir istixanaların çoxu artıq belə müasir tiplidir. Onlar daha çox qənaətcilliyi və sərfəliliyi ilə seçilir. Belə ki, bu istixanalar istiliyi saxlaya bilir, günəş panelləri ilə təchiz olunur və istiliyə görə heç bir ödəniş, qızdırılmaya görə isə xəttin çəkilməsinə ehtiyac olmur. Bütün bunları nəzərə alsaq, günəş panellərindən istifadə etməklə enerjinin alınması məsələsinin ölkəmizdə də çox aktual olduğunu deyə bilərik. Çünki rəsmi hesablamalara görə, Azərbaycanda 264 gün günəşli gündür. Bu səbəbdən də Günəş enerjisindən yararlanmaq mümkündür. Düşünürəm ki, bu baş verərsə, Azərbaycanda bundan sonra yeni bir nəsil istixanaların qurulması məhsuldarlığın artmasına səbəb olacaq".
Rusiya və digər ölkələrdən fərqli olaraq Azərbaycanda istixanaların ümumi sahəsi ilə bağlı dəqiq statistika aparmaq mümkün deyil: "Belə bir rəsmi statistikanın olmaması məsələsi isə elektron bazanın yaradılmasını bir daha gündəmə gətirir. Çünki elektron baza gələcəkdə hansısa planlaşdırmada önəmli rol oyanaya biləcək amildir".