CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid çəkməsini nənniyə qoyub ağlayan ananın izi ilə - "Qürubda Nəsimini yaratdım"

© Sputnik / Nigar IskanderovaPərinisə Əsgərova
Pərinisə Əsgərova - Sputnik Azərbaycan
Abunə olmaq
"O qadının qırılmış qanadlarındakı qan da mənim öz qanımdır, oraya sürtülüb", - Pərinisə Əsgərova

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Bəzən eşitdiklərimizdən daha çox, gördüklərimiz bizi təsirləndirir, insan əlinin məhsulu olan rəsmlər bizdə real hadisələrdən daha dərin, unudulmaz təəssüratlar yaradır. 

Naqiyə Rzayevaтжт qum rəsmi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Barmaqların arasından qumla süzülən həyat hekayələri - REPORTAJ
Şəhid olan övladının çəkməsini nənnisinə qoyaraq onun qarşısında diz çöküb ağlayan ananın rəsmi də, sanıram ki, kiməsə təsir etməyə bilməz. Yaxud da "Son kirpik" - döşü kəsilmiş xərçəng xəstəsi olan qadının rəsmi... Elə bu əsərlərin sorağıyla müəlliflə, Pərinisə Əsgərova ilə tanış olmaq imkanı qazandıq.

Azərbaycanda yeganə qadın miniatür rəssamı olan həmsöhbətimiz "Nəsimi ili" ilə əlaqədar bu yaxınlarda böyük mütəfəkkir və şairin möhtəşəm bir əsərini ərsəyə gətirib. Yaşadığı binada evinin divarlarını da rəsmləri ilə bəzəyən bu qadınla keçdiyi keşməkeşli yollardan, gördüyü işlərdən danışdıq:

- Oxucularımız sizi necə tanısınlar?

- Daha çox Pəri Miniatür kimi tanınıram. 1997-ci ildə Əlibəy Hüseynzadə adına İncəsənət Universitetinin "sənaye qrafikası" fakültəsini bitirmişəm. Təhsil aldığım müddətdə müəllimim Faiq Əkbərovdan miniatür sənətinin incəliklərini, kristalloqrafiya elmini, Xudu Məmmədov məktəbini, xalça ilə miniatürün fundamental sistemini, müxtəlif simvolik mənalarını öyrəndim. Miniatür sənətində rənglərin, əşyaların özünəməxsus mənası var. Məsələn, sərv ağacı Allah, paltarda yamaqlar tərki-dünyalıq, qəm-kədər deməkdir. Elə ona görə də mən Nəsimini çəkəndə onun geyiminin üzərində yamaqlar da əks etdirdim. Zamanla biliyimi təkmilləşdirərək, elmi bir qədər də dərin öyrənərək onu klassik Təbriz miniatür sənəti ilə sintez etdim. Bu səbəbdən yaratdığım əsərlər klassika ilə modernizmin, insanın hiss və duyğularının qarışığından ibarətdir.

© Sputnik / Nigar Iskanderova"Nəsimi" rəsmi
Şəhid çəkməsini nənniyə qoyub ağlayan ananın izi ilə - Qürubda Nəsimini yaratdım - Sputnik Azərbaycan
"Nəsimi" rəsmi

- Bu sənətin fərqliliyi nədir?

- Miniatür həyatımın bir anlamıdır, deyə bilərəm. Bu sənət rəssamlığın elə bir növüdür ki, onu işlədikcə daha çox aça, mövzunu genişləndirə bilərsən. Bu elmdə 1+1 heç də hər zaman 2-yə bərabər olmur. Bir elementin üstünə digəri gələndə yeni bir mənzərə, fikir ortaya çıxır.

- Rəssamlar üçün ən çətin məsələ bu əsərlərin satışıdır...

- Bilirsiniz necədir, məncə, sənətçi işini özü satmamalıdır. Bununla məşğul olan xüsusi qurumlar olmalıdır. Təsəvvür edin, bir rəssamın özünün işləməsi, eyni zamanda o əsəri satması nə dərəcədə düzgündür? Axı satış da kiçik proses deyil, bunun üçün də zaman ayrılmalıdır. Azərbaycandan fərqli olaraq başqa ölkələrdə sənətçinin öz əsərini satması eyib sayılır.

- Sizcə, insanlar daha çox nələrdən təsirlənirlər?

- Müxtəlif sosial mövzular, problemlərlə bağlı çəkdiyim rəsmlər daha çox diqqət cəlb edir. Bəzən çəkdiyim rəsmlərin müzakirələrə səbəb olması məni çox sevindirir. Bir müddət öncə "Son kirpik" adlanan əsərimdə xərçəng xəstəsi olan qadınının tablosunu yaratmışdım. Bir döşü kəsilən bu qadının simasında kimisi anasını, kimisi isə bacısını, digər doğmasını gördü. Əslində, bu rəsm bu gün də mənim üçün çox təsirlidir. Çünki tələbəlik illərimin ən yaxın sirdaşlarından biri olan Sevilim də bu gün o xəstəlikdən əziyyət çəkir. Əslində onun bu mübarizədə qalib gələcəyinə inanıram. İnsanların qəlblərinə toxunan bir şey çəkdiyim üçün bəzən onları sevindirə, bəzən də daha çox düşündürə bilirəm. Düşünürəm ki, insanların hisslərinə sirayət edə biləcək bir əsər ortaya çıxaranda daha maraqlı alınır.

© Sputnik / Irade JELIL"Son kirpik" rəsmi
Şəhid çəkməsini nənniyə qoyub ağlayan ananın izi ilə - Qürubda Nəsimini yaratdım - Sputnik Azərbaycan
"Son kirpik" rəsmi

- Bəzən duyğular satılır...

- Bilirsiniz necədir, əslində kiminsə duyğusu bizim üçün qazanacağımız puldan daha dəyərlidir. Çünki pul alınıb-satılan bir şeydir. Digər rəssamlar kimi, mənim üçün ən çətin məsələ əsərin qiymətidir. Adətən hansısa əsərin qiyməti üçün çənə-boğaz etmirəm. Düzdür, yeni işlər ərsəyə gətirmək üçün pul lazımdır. Təkəm, oğlumu böyüdürəm deyə pul mənim üçün də önəmlidir. Amma buna baxmayaraq, əsər üçün yenə də öncədən qiymət təyin etmirəm. İndi elə olur ki, əsərlərim iki-üç ay satılmır, yaxud da olur ki, ayda bir neçəsi satılır. Amma əvvəllər işlərimin, demək olar ki, 95 faizi xaricilər tərəfindən alındığından mütəmadi olaraq satılırdı. Onların verdikləri pul çox yüksək olmasa da, məni qane edirdi. Buna görə də davamlı olaraq işləyirdim. Hətta yadımdadır, maddi durumumuzun çox pis olduğu bir vaxtda, oğlum körpə olarkən bir rəsm çəkmişdim. Həmin rəsmi satmaq üçün "Torqovı"ya apardım, mağazaların birinə verdim. Elə oradan çıxdığım bir neçə dəqiqə idi ki, satıcı arxamca qaça-qaça, əlində pulla gəldi ki, işiniz satıldı... Düşünürəm ki, həyatda hər şeyin bir səbəbi var. O zaman mənim maddi sıxıntım olmasaydı, yəqin ki, bugünkü uğurları əldə edə biməyəcəkdim. Məncə, hazıra nazir olan şəxslərin xoşbəxtliyi də bayağıdır. Çünki bir zirvəni çətinliklə fəth eləsən, onun zövqü, həzzi bambaşqa olar. Bəlkə də, yağ-bal içində yaşayacaqdım, amma bu mənəvi həzlərdən xəbərim olmayacaqdı. Çünki bir qadının iqtisadi asılılığının olmaması, öz ayağı üstdə durması hər şeydən vacibdir.

- Bəs özünüzü daha çox təsirləndirən əsər hansıdır?

© Sputnik / Nigar IskanderovaPərinisə Əsgərova
Şəhid çəkməsini nənniyə qoyub ağlayan ananın izi ilə - Qürubda Nəsimini yaratdım - Sputnik Azərbaycan
Pərinisə Əsgərova

- "Günah". Öz həyatıma sirayət etdiyindən ən çox da elə bu əsərdən təsirlənmişəm. Onda həyatımın ən ağır, keşməkeşli bir dövrünü təsəvvür etmişəm. Əsərdə canlandırdığım qadın saflığını, mələkliyini itirən bir obrazdır. Onun əlləri qandallı, qanadları qırıq və həm də al qan içindədir. Qadının əlləri qandallı olduğundan o, əvvəlki azadlığına, saflığına dönə bilmir. Bəzən biz daxilən, ruhən əzik-üzük oluruq, sanki içimiz nədənsə burxulub. Həmin qadını, "məni" də o ab-havada təsvir etməyə, yaratmağa çalışmışam. O əsərə baxanda həyatımı, özümü görmüşəm. O qadının qırılmış qanadlarındakı qan da mənim öz qanımdır, oraya sürtülüb. Ailəmizdə baş verən dəhşətli hadisədən sonra həmin əsəri çəkməyə qərar vermişdim.

- Mənəvi zorakılıqmı, fiziki zorakılıqmı?

- Düzdür, hazırda boşanmışıq. Amma o dövrdə belə aramızda fiziki zorakılıq olmayıb. Sadəcə, mənəvi boşluq, laqeydlik olduğu üçün bu münasibəti davam etdirməyin də mənası yox idi...  Bundan başqa, "Şəhid anası" rəsmi çox təsirli alınıb. Bu rəsmdə övladı şəhid olan ananın balasının çəkmələrini illərdir qoruyub-saxladığı beşiyə qoyaraq qarşısında ağlaması təsvir edilir. Beli bükülmüş şəhid anasının ifadələrinə diqqətlə baxanda orada ən böyük əzabı, iztirabı görmək mümkündür. Övladı əlindən axıb gedən bir ana...

© Sputnik / Nigar Iskanderova"Şəhid anası" rəsmi
Şəhid çəkməsini nənniyə qoyub ağlayan ananın izi ilə - Qürubda Nəsimini yaratdım - Sputnik Azərbaycan
"Şəhid anası" rəsmi

- Ümumilikdə sosial ruhlu əsərlərinizin mərkəzindəki obrazlar qadınlardır. Bu gün qadınlarla bağlı problemin nədən qaynaqlandığını düşünürsünüz?

- Bizim qadınlarda güvənsizlik və sevgisizlik sindromu var. Bu səbəbdən biz övladlarımızı da sevgisiz böyüdərək cəmiyyət üçün natamam insan yetişdirmiş oluruq. Bu gün liftdə, küçədə tüpürən şəxslər natamam qadınların tərbiyə etdiyi övladlardır. Çünki qadın sevgi görmədiyi üçün bu sevgisizliyi övladına da ötürür. Bu gün sanki hər kəs bir hegemonluq iddiasındadır. Hegemonluq edəcək bir adam tapmadığı üçün özündən zəif birini əzməyə çalışır. Həmin əzilən şəxs də özündən zəif saydığı birini əzməyə çalışır. İşdə müdiri tərəfindən əzilən kişi evdə həyat yoldaşını əzir, həyat yoldaşı uşağı, uşaq da küçədə özündən zəif bildiyi birini əzməyə çalışır. Sevgi ilə böyüyən şəxslər həyatda daha iradəli, dözümlü olurlar. Sevgi ilə və sevgidən kənarda böyüyən şəxslər arasında bir təcrübə aparmışdılar. Sevdiyi insan yanında olan şəxslər bir müddət buzlu suyun içində qalsalar da, digərləri ilə müqayisədə daha çox dözümlü olublar.

- Uğurlarınızdan danışaq.

- Bir neçə il öncə Amerikada, Türkiyədə sərgilərim təşkil olunub. Bundan başqa, müxtəlif kitablarda da mənim əl işlərimdən istifadə olunub. Hətta Multikulturalizm Mərkəzində "Ədəbi-bədii qaynaqlar" adlanan kitabda icazəm olmadan əl işlərimdən istifadə edilmişdi. Müraciətimdən sonra həmin kitaba adımın yazılması üçün bir vərəq əlavə olundu.

- Nədənsə içinizdə bir kədər var...

© Sputnik / Nigar IskanderovaPərinisə Əsgərova
Şəhid çəkməsini nənniyə qoyub ağlayan ananın izi ilə - Qürubda Nəsimini yaratdım - Sputnik Azərbaycan
Pərinisə Əsgərova

- İçimdə ümumi nisgil var. Çoxları elə bilirlər ki, keçmişim üçün darıxmıram. Amma belə deyil. Sadəcə olaraq, bu yaşımadək müxtəlif problemlərlə yaşlanıb, həssas və sentimental duyğularla yaşamışam. Yenidən onları düşünmək mənim üçün çox çətindir. Məncə, insan həyatda yaşamalı, yanmalıdır ki, o kədəri, ağrını hiss etsin.

- Sizə kədəri sevən bir rəssam demək olarmı?

- Olar, mən kədərimi də sevirəm, ondan qorxmuram. Bəzən içimdə kədər olsa da, ora mənim səcdəgahım, gedəsi bir yerimdir. Oraya səyahət etmək mənim üçün daha xoşdur.

- Son olaraq yaratdığınız "Nəsimi"dən danışaq.

- Bir müddət öncə rejissor Elçin Ağazadənin ideyasını gerçəkləşdirdik. İdeyaya uyğun olaraq bizim çəkilişlərimiz Şabran rayonunda yerləşən, 5-6-cı əsrlərə aid Çıraqqala tarixi abidəsində baş tutdu. Həmin abidə 1232 metr hündürlükdə yerləşirdi. Ən çətini o abidəyə qalxmaq idi. Günəş batmağa başlayanda artıq zirvəyə qalxaraq orada Nəsiminin rəsmini çəkməyə başladım.

Xəbər lenti
0