Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 19 iyul — Sputnik. Bəzən rəsmlər müəyyən anları bizim üçün yaddaşa çevirir, xatirə kimi ömür səhifəmizə həkk edir. Amma rəsmlər də olur ki, onları xatirəyə həkk etmək, yəni əlində saxlamaq, nə vaxtsa toxunmaq imkansızdır, elə qumdan hazırlanan əsərlər kimi. Sputnik Azərbaycan-ın həmsöhbəti Naqiyə Rzayeva da qum rəsmi ilə məşğuldur. O, bu sahədə çalışan tək-tük rəssamlardandır.
Naqiyə xanımla sənətin spesifikliyindən, çətinliyindən danışdıq. O deyir ki, belə rəsmlər bir neçə dəqiqə ərzində nümayiş olunduğu üçün bəzən izləyicilər əsərə dəyər verməyi bacarmırlar: "Qum rəsmində istənilən əsərin hazırlanması üçün müəyyən süjet xəttinin qurulması vacibdir. Bu süjet xəttinin qurulması isə hətta aylarla da zaman ala bilər. Amma bəzən istədiyimiz dəyəri görə bilmirik. Çünki döyüş kənardan asan görünsə də, özün orada iştirakçı olanda bilirsən ki, əslində heç də asan deyilmiş. Bu sənət də elədir. Mən 3-5, 10-15 dəqiqə ərzində nümayiş olunan rəsm üçün olur ki, aylarla işləyir, hətta gecələri də yuxusuz qalıram".
Rəssam deyir ki, elə məhz süjet xəttinin yığılması üçün ideyanın, uyğun musiqinin tapılmasına görə qumla rəsm çəkmək rəngkarlıqla müqayisədə qat-qat çətindir: "Xocalıyla bağlı qum rəsmindən animasiya hazırlamalı idim. Amma iki ay idi ki, bu süjet xətti üçün duya biləcəyim mahnı, yaxud musiqi tapa bilməmişdim. Sonradan Qaraqanın ifasını tapıb bir neçə mahnı ilə "remiks" etdim. Süjeti nümayiş etdirdikdən sonra başımı qaldıranda isə izləyicilərin bəzilərinin ağladığını gördüm".
N.Rzayevanın fikrincə, süjet xəttinin yığılması üçün ilham pərisi olmalıdır. O ilham pərisini tapmaq isə bəzən o qədər də asan olmur: "Bəzən günlərlə müəyyən bir ideya axtarırsan, amma istədiyini əldə edə, alındıra bilmirsən. Amma hərdən də olur ki, qəfil beyninə maraqlı bir ideya gəlir".
Eyni zamanda həm ipək üzərində işləyən, rəngkarlıqla da məşğul olan Naqiyə xanım pedaqoji fəaliyyətini Nəsirəddin Tusi adına 173№-li tam orta məktəbdə davam etdirir:
"Müəllim olduğum üçün rəssamlığın müxtəlif növlərinə maraq göstərmişəm. Eyni zamanda ipək üzərində çəkməyi öyrəndim, həm də qum sənətinin incəliklərinə yiyələndim. Artıq 4 il olar ki, mən qum rəsmi ilə məşğulam, bu müddətdə təxminən 30-dək süjet hazırlamışam. Bütün süjetlərin musiqilərini, "remiks"lərini də özüm yığmışam".
Bu sənətdən o qədər də çox qazana bilmədiyini söyləyən xanım rəssam ara-sıra sifarişlər üçün toylara dəvət olunduğunu deyir. Onunla qiymətlərdən də danışdıq: "Hazırladığım qum rəsmlərinin, yəni animasiyaların qiyməti 350 manatdan başlayır. Halbuki, bu qiymət digər ölkələrlə müqayisədə qat-qat aşağıdır".
Naqiyə xanım üçün ideya musiqidən, şeirdən, eləcə də yaşadığı həyatdan gəlir: "Olur ki, bəzən bütün günü yaratmaq istədiyim, yaxud da yaratdığım süjet xəttinin təsirində qalıram. Bir əsəri yaratmaq üçün günlərlə yatmayıb evi bütün qum etdiyim vaxtlar da olub".